Gələn il qeyri-neft gəlirlərinin büdcədəki payı 51,9 faizə yüksələcək
Məlum olduğu kimi “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. Büdcə layihəsi növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə, o cümlədən gəlir və xərc siyasətinin əsas istiqamətlərini, büdcə qaydasına əsaslanan makro-fiskal çərçivəyə, qəbul edilmiş strateji sənədlərə və hökumət tərəfindən müəyyən edilmiş prioritetlərə uyğun olaraq tərtib edilib. Sənəd dövlət maliyyəsinin idarəolunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin Açıq Büdcə Sorğusu metodologiyasına uyğun olaraq, icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi praktikaya uyğun açıqlanması, bu sahədə şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb.
23 milyard 774 milyon manat həcmində gəlirlər
Gələn ilin dövlət büdcəsində diqqəti cəlb edən ən mühüm məqamlardan biri dövlət büdcəsinin fiskal yığımlarında qeyri-neft-qaz sektorunun xüsusi payının artması ilə bağlıdır. Belə ki, ümumi həcmi 39,2 milyard manat proqnozlaşdırılan büdcə gəlirlərinin 60,6 faizi və ya 23 milyard 774 milyon manatı birbaşa qeyri-neft-qaz sektorunun payına düşür. Bu, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisinin 8 fazidən çox artması və 43,3 faizdən 51,9 faizə yüksəlməsi deməkdir. 2026-cı il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 955 milyon manat və ya 5,8 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 1,6 milyard manat və ya 7,2 faiz çox olacaq. 2025-ci ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 3 milyard 348,4 milyon manat və ya 17,8 faiz azalacaq, qeyri-neft-qaz sektorunun gəlirləri isə 3 milyard 417,8 milyon manat və ya 16,8 faiz çoxaldılacaq.
Beləliklə, qeyri-neft sektoru üzrə gəlirlərin xüsusi payı büdcədə son 20 ilin ən yüksək səviyyəsinə çatacaq.
Büdcə gəlirlərinin əsas istiqaməti ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.
Ortamüddətli dövrdə qeyri-neft yığımlarının dinamikası
Hökumətin bir neçə gün əvvəl təqdim etdiyi 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədində də qarşıdakı 4 ildə inkişafın əsas əlavə dəyər yaradan sütunları kimi qeyri-neft mənbələri nəzərdə tutulub. Ortamüddətli dövrün ssenarilərinə əsasən, 2027-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı nominal ifadədə 109,1 milyard manat təşkil edəcək. Bu, faiz nisbəti ilə iqtisadi dəyərin 77,4 faizi deməkdir. 2028-ci ildə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisinin 118,3 milyard manata və ya 80,2 faizə, 2029-cu ildə 128,1 milyard manata və 80,8 faizə çatacağı fərz olunur. 2030-cu ildə isə proqnozlaşdırılan cəmi 169,1 milyard manat həcmində ÜDM-in 138,6 milyard manatın qeyri-neft yığımlarına söykənəcəyi gözlənilir. Bu, faiz göstəricisi ilə ÜDM-in 82 faizi deməkdir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin əsas hərəkətverici təkanı da qeyri-neft sütunları olacaq. Belə ki, ölkə üzrə orta illik artımın 3,3 faiz təşkil edəcəyi gözlənilir ki, inkişaf dinamikasında qeyri-neft-qaz sektoru üzrə temp 4,4- 4,5 faiz olacaq.
2030-cu ildə qeyri-neft gəlirlərinin büdcədəki payı 69,8 faizə çatacaq
Qeyri-neft gəlirləri əlavə dəyərin artımının təmin edilməsində başlıca fiskal nöqtə kimi müəyyən edildiyindən, ortamüddətli dövrdə büdcə yığımları üçün də potensial mənbə rolunu oynayacaq. Belə ki, makroiqtisadi proqnozlara əsasən, 2028-ci ildə büdcə gəlirləri 39,5 milyard manat, 2029-cu ildə 39,9 milyard manat, 2030-cu ildə isə 40,6 milyard manat təşkil edəcək. Davamlı olaraq hər il qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı artacaq və 2027-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ildə büdcəski xüsusi çəkisi 69,8 faizə çatacaq. Bu, mütləq ifadədə 28,3 milyard manat deməkdir. Yəni, 2027-ci ilin qeyri-neft gəlirlərindən (23 milyard 774 milyon manat) 4,6 milyard manat çox vəsaitin əldə ediləcəyi gözlənilir.
Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz sektorunun payı artacaq.
Beləliklə, təkcə 2027-ci ildə deyil, sonrakı dövrlərdə də inkişafın dayanıqlı mənbəsi qeyri-neft yığımları olacaq. Məhz həmin fiskal sütuna əsaslanaraq hökumət ortamüddətli dövrdə ölkənin gəlir siyasətini optillaşdırmaq, stimulyaradıcı alətlərə fokuslamağı hədəfləyir. Bu ssenari üzrə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır.
E.CƏFƏRLİ