TDT ölkələri Transxəzər Fiber-Optik Kabel Xəttinə qoşula bilər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrini Qazaxıstan və Azərbaycan arasında işə salınmış Transxəzər Fiber-Optik Kabel Xəttinin imkanlarından istifadə etməyə çağırıb. Tokayev əmin olduğunu bildirib ki, Türk dövlətləri bu unikal layihənin imkanlarından yararlana biləcəklər. Eyni zamanda, fiber-optik əməkdaşlıq TDT üzvləri arasında rəqəmsal inteqrasiyanı möhkəmləndirməklə, Kibertəhlükəsizlik Şurasının, eləcə də rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması üzrə təşəbbüslərin reallaşdırılmasına da töhfə verə bilər.
Xatırladaq ki, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışı ötən ay- oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü çərçivəsində baş tutub. Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən mərasimdə yeni marşrut rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növü, rəqəmsal Orta Dəhliz kimi dəyərləndirilib. Prezident İlham Əliyev bildirib ki, bu dəhliz Azərbaycan ilə Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələrini birləşdirəcək.
Qarabağ Bəyannaməsinin prioritetlərindən biri Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal Orta Dəhliz platforması həm də Türk dövlətlərinin ortaq maraqlarına xidmət edir. Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər arasında razılaşdırılmış “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər Fiber-Optik kabel infrastrukturunun yaradılması və TDT-nin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası nəzərdə tutulub.
Türk dövlətlərinin yerləşdiyi əlverişli coğrafiya bu bağlantının reallaşması üçün əlverişli imkanlar yaradır. Kabel xəttinə qoşulmaqda maraqlı tərəflərdən biri olan Türkmənistanla danışıqlar müsbət səmərə verib, Özbəkistanla da bu istiqamətdə yekun danışıqlar aparılır. Digər ölkələrlə razılaşmalar əldə edildikdən sonra regionda nəhəng rəqəmsal infrastruktur qurulacaq. Bu baxımdan Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasını da öz töhfəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələlxüsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək. Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi (“Digital Hub”) ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
“Digital Hub” TDT-nin inteqrasiyasını gücləndirəcək
“Digital Hub”, həmçinin türk dövlətlərinin digər böyük hədəflərindən biri olan ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinin icrasını da tezləşdirəcək. Bu saziş ölkələr arasında güzəştli ticarət rejimlərinin tətbiqi üçün ən sərfəli alətlərdən biri hesab edilir. Həmin sazişin ilkin modelini Azərbaycan və Türkiyə öz ticarət rejimlərində 2 ilə yaxındır ki, tətbiq etməkdədir. Belə ki, preferensial (güzəşt) çərçivəsinə əsasən, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Ona görə də, bu hüquqi mexanizmin bütün türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulur. Bu baxımdan DEPA sazişi səmərələşdirici layihə kimi üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində də vahid çərçivəni təmin edəcək.
Kabel xəttinin TRIPP təşəbbüsünə qoşulması gözlənilir
Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi də müzakirə olunur. Layihənin reallaşmasında maraqlı tərəf olan beynəlxalq şirkətlər qrupu “NEQSOL Holding”in nümayəndəsi Kirill Rubinski bildirib ki, birgə layihələrin inkişaf perspektivləri böyükdür və beynəlxalq telekommunikasiya şirkətləri bu təşəbbüsü dəstəkləyir. Belə ki, şirkətin rəhbərliyi regionda marşrutlarının genişləndirilməsini və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edərkən fibermarşrutun Orta Dəhlizə inteqrasiyasının vacibliyinə toxunublar.
Beləlilklə, Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal layihələr ümumilikdə bütün Türk dövlətləri arasında qarşılıqlı mübadilələrin və birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığı daha da gücləndirəcək, fiber-optik kabel “Rəqəmsal İpək Yolu” marşrutunun mühüm komponentinə çevriləcək, Asiya-Xəzər-Avropa rəqəmsal dəhlizini formalaşdıracaq.
E.CƏFƏRLİ