Bir ixrac bəyannaməsi üzrə kompensasiyanın yuxarı həddi müəyyənləşib
İqtisadiyyat Nazirliyinin (İN) Kollegiyası “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin Siyahısı”nı və “İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin Siyahısı”nı təsdiqləyib. Qərara əsasən, siyahılara ərzaq məhsulları, alkoqollu və alkoqolsuz içkilər, əczaçılıq məhsulları, canlı ağaclar və digər bitkilər, müxtəlif bitkilər və hissələri, çiçəklər və dekorativ bitkilər, boyalar, aşılayıcı və boyayıcı ekstraktlar, ətriyyat, kosmetika vasitələri, yuyucu vasitələr, plastmas borular, rezin və onlardan hazırlanan məmulatlar, dəri məmulatları, heyvanların daxili orqanlarından hazırlanan məmulatlar, xalçalar və digər tekstil döşəmə örtükləri, qiymətsiz metallardan hazırlanan digər məmulatlar, nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, elektrik maşınlar və avadanlıqlar və digər mallar daxildir.
İxrac rəsmiləşdirilmə və daşıma xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının ixrac olunduğu ölkələrin siyahısına Afrika ölkələri, Avropa İttifaqı, Balkan ölkələri, Körfəz ölkələri və Mərkəzi Asiya, Cənub-Şərqi Asiya və bir sıra digər ölkələr aid edilib.
İN-nin Kollegiyası “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”ni də təsdiqləyib. Qərara əsasən, Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 min manatdan yuxarı olmamaqla müəyyən edilib.
Aşağı tarifli gömrük prosedurlarının tətbiqi
İN ixrac xərclərinin kompensasiyası üçün müraciətlərə baxılması qaydasını da təsdiqləyib. Qərara əsasən, dəstək üçün ərizə ilə müraciət edən şəxslər “İnzibati icraat haqqında” qanunun 30.2-ci maddəsində nəzərdə tutulan məlumatları, ölkə ərazisində fəaliyyət göstərən bank və ya elektron pul təşkilatlarında açılmış hesabının rekvizitləri, ixrac olunan malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, adı, gömrük dəyərini, ixrac gömrük bəyannaməsinin sorğu və mənşə sertifikatının nömrəsini təqdim etməlidir. Bundan başqa, dövlət dəstəyin məbləğinin ödənilməsi sahibkarın hesabına köçürüləcək.
Biznes və ticarət iştirakçıları üçün nəzərdə tutulan yeni qaydalar ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsinə hesablanıb. Hökumət qeyri-neft sektorunun inkişafını prioritet hesab edir və ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə belə bir addım atır. Həmçinin ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından neftdənkənar sahələrin inkişafının xüsusi əhəmiyyət daşıdığı nəzərə alınaraq yerli malların xarici bazarlara çıxış imkanlarını daha da gücləndirmək istəyir. Ona görə də, bütün bu tədbirlər ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi məqəsdi daşıyır.
Gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin kompensasiyası
Qeyd edək ki, dövlətin ixraca dəstəyinin artırılması məqsədilə cari il sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilir. Dövlət başçısının “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanına uyğun olaraq, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanır, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya olunur.
Daşıma xərclərinin subsidiyalaşdırılması dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faiz, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faiz, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faiz hissəsinə dövlət zəmanəti təqdim olunur.
Beynəlxalq məhsul sertifikatlarının alınmasını da dövlət maliyyələşdirəcək
Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur. Bu məqsədlə ixracla bağlı digər addım dövlətin institusional və maddi dəstəyinin artırılmasıdır. Artıq 2 aydır ki, dövlət qeyri-neft məhsulları ixracatçılarına çəkdikləri logistikası xərclərinin 70 faizinə subsidiya verir və xərclər dövlət tərəfindən qarşılanır. Subsidiya Şurasının qərarına əsasən, 2027-ci ildən beynəlxalq məhsul sertifikatlarının alınması da dövlət tərəfindən maliyyələşdiriləcək. Söhbət Global G.A.P, ISO və orqanik məhsul sertifikatları kimi beynəlxalq standartlardan gedir.
Sözsüz ki, ixrac rəsmiləşdirilmə xərclərinə və qeyri-neft mallarınən ixracına görə, kompensasiya dəstəyi, digər güzəştlər regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına və ixracın artmasına əlavə stimul verəcək.
E.CƏFƏRLİ