Lətif Kərimovun anadan olmasından 120 il ötür
Elə sənətkarlar var ki, adlarını yalnız tarixə deyil, xalqın yaddaşına həkk edirlər. Azərbaycan xalçaçı-rəssamı Lətif Kərimov da belə şəxsiyyətlərdəndir. O, ömrünü xalça sənətinin öyrənilməsinə, inkişafına və dünyada tanıdılmasına həsr edib. Lətif Kərimov xalçaya sadəcə ilmə, rəng və naxışların birləşməsi kimi baxmırdı. Onun üçün hər xalça bir xalqın yaddaşı, dünyagörüşü, zövqü, yaşantısı və əsrlərdən süzülüb gələn mənəvi sərvəti idi.
1906-cı il noyabrın 17-də Şuşada dünyaya gələn Lətif Kərimovun taleyi elə uşaqlıqdan xalça sənəti ilə bağlanıb. Bu bağlılıq sonralar böyük yaradıcılıq yoluna, elmi axtarışlara və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması missiyasına çevrildi. Bu gün onun doğum günü münasibətilə həyatına nəzər salarkən bir həqiqət aydın görünür: Lətif Kərimov xalçalar yaratmaqla yanaşı, Azərbaycan xalçasının tarixini, dilini və kimliyini də gələcək nəsillər üçün qoruyub.
Lətif Kərimovu digər xalçaçı-rəssamlardan fərqləndirən əsas cəhətlərdən biri ənənə ilə yeniliyi bir araya gətirməyi bacarması idi. O, Azərbaycan xalçaçılığının zəngin irsini dərindən öyrənir, ayrı-ayrı bölgələrə məxsus naxışları, kompozisiyaları, rəng çalarlarını və toxuma xüsusiyyətlərini araşdırırdı. 1929-cu ildə Azərbaycana qayıtdıqdan sonra doğma sənət mühitində fəaliyyətini davam etdirən rəssam 1930-cu ildən etibarən “Azərbaycanxalça” birliyində çalışdı. Onun təşəbbüsləri ilə Bakıda və Qubada xalça məktəblərinin açılması sənətin peşəkar əsaslarla inkişafına mühüm təkan verdi.
1932-ci ildə onun eskizləri əsasında toxunan “Əfşar” xalçası yaradıcılığının diqqətçəkən nümunələrindən biri oldu. Bu əsərdən başlayaraq Kərimovun yaradıcılığında milli ornamentlərin yeni bədii həlli, klassik ənənələrin müasir sənət düşüncəsi ilə uzlaşdırılması xüsusi yer tutdu.
Parisdən başlayan beynəlxalq tanınma
Lətif Kərimovun sənəti Azərbaycan sərhədlərini çox erkən aşdı. 1934-cü ildə dahi fars şairi Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirildi. Bu hadisə Azərbaycan xalça sənətinin beynəlxalq miqyasda təqdimatı baxımından əlamətdar idi.
Paris sərgisində nümayiş olunan əsər yalnız bir rəssamın yaradıcılıq uğuru deyildi. Bu, Azərbaycan xalçasının zəngin kompozisiya imkanlarının, bədii ənənələrinin və yüksək sənətkarlıq səviyyəsinin dünya ictimaiyyətinə təqdimatı idi.
Müəllim kimi yetişdirdiyi sənətkarlar
Lətif Kərimovun fəaliyyəti emalatxanalar, sərgilər və elmi araşdırmalarla məhdudlaşmırdı. O, bilik və təcrübəsini gənc nəslə ötürməyi də özünün mühüm vəzifələrindən hesab edirdi. Uzun illər Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərərək peşəkar rəssamların yetişməsinə töhfə verib.
Onun müəllimlik fəaliyyətində həm tələbkarlıq, həm də sənətə sevgi əsas yer tuturdu. Kərimov üçün sənətkar olmaq yalnız gözəl əsər yaratmaq demək deyildi. Bunun üçün milli mədəniyyəti tanımaq, onun köklərini öyrənmək, ənənəyə hörmətlə yanaşmaq və daim axtarışda olmaq lazım idi. Məhz bu yanaşma onun yetirmələrinin dünyagörüşünə də təsir göstərirdi. O, bir sənətkar kimi yaratmaqla yanaşı, bütöv bir sənət məktəbinin formalaşmasına xidmət etdi.
Şuşaya bağlılıq və sənətkarın unudulmaz cavabı
Lətif Kərimovun həyatında Şuşanın xüsusi yeri vardı. Ömrünün müxtəlif mərhələlərində fərqli şəhərlərdə yaşasa da, doğulduğu torpaq onun mənəvi dünyasının ayrılmaz hissəsi olaraq qaldı.
Sənətkarın xarakterini və yaradıcılığa münasibətini əks etdirən maraqlı bir məqam da var. Ondan ən sevimli xalçasının hansı olduğunu soruşanda belə cavab vermişdi: “Özümün yaratdığım bütün xalçalar mənim üçün əzizdir”.
Bu cavabda sənətkarın öz əsərlərinə münasibəti, zəhmətinə verdiyi dəyər və yaradıcılıq sevgisi aydın hiss olunur. Çünki hər xalçanın arxasında onun düşüncəsi, axtarışları, rəng duyumu və sənətə sərf etdiyi ömür dayanırdı.
Onun Şuşaya münasibətini ifadə edən “Şuşa havamdır” sözləri də yaddaşlarda qalıb. Bu qısa ifadə bir sənətkarın doğma şəhərinə bağlılığını, mənəvi dünyasının hansı torpaqdan güc aldığını göstərir.
Dövlətin yüksək qiymət verdiyi sənətkar
Lətif Kərimovun Azərbaycan mədəniyyətinə xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, Xalq rəssamı fəxri adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət mükafatını alıb, müxtəlif orden və mükafatlarla təltif edilib.
Görkəmli sənətkar 1991-ci il sentyabrın 8-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Lakin onun yaratdığı əsərlər, elmi araşdırmalar və formalaşdırdığı sənət məktəbi bu gün də yaşayır.
Yeganə BAYRAMOVA