Təhsildə yeni planlar

Təhsildə yeni planlar

159 min tələbəyə dövlət dəstəyi, Qarabağda yeni məktəblər...

Cəmiyyətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas amillərdən biri onun təhsil və maarifçilik sisteminin vəziyyətidir. Çünki təhsil yalnız bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır, eyni zamanda insanın dünyagörüşünün formalaşmasına, mənəvi dəyərlərin qorunmasına, elmi düşüncənin inkişafına və intellektual potensialın üzə çıxarılmasına xidmət edir. Müasir dövrdə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması da məhz bu məqsədlərə çatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Belə proqramlar cəmiyyətin müxtəlif təbəqələrində elmə, biliyə, mədəniyyətə və innovasiyalara marağın artırılmasına, təhsilin daha geniş auditoriya üçün əlçatan olmasına şərait yaradır.

Bu baxımdan ölkədə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəblərin inşası, tədris müəssisələrinin müasir tələblərə uyğunlaşdırılması və təhsil imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi diqqət çəkir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin yaradılması yalnız infrastrukturun bərpası deyil, həm də həmin ərazilərdə sosial və mədəni həyatın canlandırılması, yeni nəslin bilik və dünyagörüşünün formalaşdırılması baxımından əhəmiyyətlidir.

Bütün bunlar göstərir ki, müasir təhsil siyasətinin qarşısında duran vəzifə yalnız yeni məktəblər tikmək və tələbələrin sayını artırmaqdan ibarət deyil. Əsas məqsəd həm də keyfiyyətli tədris mühitinin yaradılması, elmi biliklərin cəmiyyətə çatdırılması, mədəni-maarifçilik fəaliyyətinin genişləndirilməsi və öyrənmənin həyatın bütün mərhələlərini əhatə edən davamlı prosesə çevrilməsidir. Bu istiqamətdə hazırlanacaq elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları isə məktəbdən universitetə, universitetdən ictimai mühitə qədər bilik və maarifçilik körpüsünün qurulmasına xidmət etməlidir.

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə dünən keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O, vurğulayıb ki, 2026-2027-ci tədris ilində 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır: “35 modul məktəbin təhvil verilməsi planımız var. 11 məktəb artıq istifadəyə verilib. Hazırda Elm və Təhsil Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurda 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”.

K.Kərimzadə bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Füzuli və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.

Neçə tələbə dövlət hesabına təhsil alacaq?

K.Kərimzadənin sözlərinə görə, Azərbaycanda 120 ölkədən 11,5 min əcnəbi tələbə təhsil alır. O, bildirib ki, 2018-2019-cu tədris ilində Azərbaycanda 86 ölkədən 6 min əcnəbi tələbə təhsil alırdısa, hazırda bu rəqəm 120 ölkədən 11,5 min nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, növbəti il dövlət sifarişi və dövlət hesabına 149 min tələbənin təhsil alması, 159 min tələbəyə dövlət təqaüdünün verilməsi nəzərdə tutulub. 2027-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 613 milyon manat ayrılması planlaşdırılır.

Ekspertiza komissiyasının yaradılması təklif edildi

Sözügedən iclasda Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, bu gün ayrılan milyonlarla manat vəsaitin nəticəsində cəmiyyətdə haqlı etirazlara səbəb olan, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, bu sahədə ciddi nəzarət boşluğu var. Onun sözlərinə görə, ayrılan vəsait daha səmərəli və məqsədyönlü xərclənməlidir.

Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyinin və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, birgə həll yolları axtarılsın: “Eyni zamanda, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilməsi təklif olunub”.

O, həmçinin dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakını təmin etmək, məzmun keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə ekspertiza komissiyasının yaradılmasını təklif edib.

Deputat qeyd edib ki, parlamentdən gözlənilən təkcə büdcəni rəqəmlər əsasında təsdiqləmək deyil, həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqların təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikası Media və Yayım Şurası"nın maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır