Format dəyişir...

Format dəyişir...

Nəticəsi nə olacaq?

ABŞ hesab edir ki, Avropadakı müttəfiqlərinin danışıqlarda iştirakı olmadan razılıq əldə edilə bilməz

ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Görüşdə tərəflər növbəti əsir mübadiləsi ilə bağlı razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski mübadilə parametrlərinin tezliklə açıqlanacağını bildirib.

Avropalı diplomatlar Əbu-Dabi görüşündə iştirak etməyib

Medinski danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynadakı münaqişənin bitməsindən sonra Avropa təhlükəsizlik sisteminin gələcəyini danışıqların əsas mövzusu kimi müəyyən edib. O, münaqişənin mövcud sistemin səmərəsiz olduğunu göstərdiyini bildirib. RF Prezidentinin köməkçisi əlavə edib ki, yeni sistem bütün ölkələrin maraqlarını nəzərə almalıdır. Medinski bildirib ki, Amerika tərəfinin iştirakı ilə nümayəndə heyətləri mövqelərini bölüşüb və bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər. O, müzakirələrin davam edəcəyini deyib. Jurnalistlərin suallarını cavablandıran RF Prezidentinin köməkçisi qeyd edib ki, danışıqların təfərrüatları yekun razılaşmalar əldə edildikdən sonra açıqlanacaq.

Rusiya nümayəndə heyətinin rəhbəri, həmçinin Əbu-Dabidəki Avropa nümayəndələri ilə heç bir əlaqələrinin olmadığını deyib. Lakin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Dublində jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma ABŞ-ın Avropadakı müttəfiqlərinin danışıqlarda iştirakı olmadan əldə edilə bilməz. O qeyd edib ki, ABŞ son bir neçə ay ərzində Avropa ölkələri ilə bu məsələ üzrə sıx əməkdaşlıq edir: “Son bir neçə ay ərzində avropalılarla çox sıx əməkdaşlıq etmişik və hesab edirəm ki, bu, olduqca vacibdir. Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı əldə edə bilmərik”.

Putin: Moskva ilə dialoq Avropanın təşəbbüsü ilə dayandırılıb

Xatırladaq ki, Əbu-Dabidə keçirilən görüşdən sonra ABŞ Prezidentinin xüsusi nümayəndələri Moskvaya gediblər. Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Görüşdə Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilmiş üçtərəfli danışıqların nəticələri, qarşıdakı əsir mübadiləsi və münaqişənin nizamlanmasında Avropa ölkələrinin iştirakı müzakirə edilib. Görüş təxminən 2,5 saat davam edib.

Görüşdə Rusiya tərəfini Rusiya Prezidentinin köməkçiləri Vladimir Medinski və Yuri Uşakov, eləcə də dövlət başçısının xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil ediblər. V.Putin humanitar məsələlərin həllində irəliləyiş əldə olunduğunu qeyd edib. Rusiya Prezidenti Oleşkidə həyata keçirilən missiyanın nümunəsində Konstantinovkada da humanitar missiyanın təşkilini təklif edib. O bildirib ki, şəhər Rusiyanın nəzarətindədir və missiyanın təhlükəsizliyini təmin etməyə hazırdır. Onun sözlərinə görə, Konstantinovka ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün Rusiya tərəfinə beş gün vaxt lazım olacaq. V.Putin, həmçinin Kiyevin qaldırdığı “boz zonalar” məsələsindən Moskvanın xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə yeganə sərhəd xətti kimi dövlət sərhədini qəbul edir.

Avropa ölkələrinin münaqişənin nizamlanmasında iştirakından danışan Rusiya Prezidenti Moskva ilə dialoqun Avropa tərəfinin təşəbbüsü ilə dayandırıldığını bildirib. O vurğulayıb ki, Rusiya lap əvvəldən xarici hərbi kontingentin Ukraynada mövcudluğunu qəbuledilməz hesab edib və belə qoşunlar yerləşdiriləcəyi təqdirdə onları öz silahlı qüvvələri üçün qanuni hədəf hesab edəcək. V.Putin ABŞ-?n Avropa ölkələrinə sülhü, yoxsa müharibəni seçməkdə qərarlarını müəyyənləşdirməkdə kömək edəcəyinə ümidvar olduğunu bildirib. O, Ukraynada sülhün əbədi olmasını istədiyini də əlavə edib.

Öz növbəsində, Uitkoff Əbu-Dabidə danışıqların müsbət şəraitdə keçdiyini, Rusiya və Ukrayna nümayəndə heyətlərinin səmərəli fəaliyyət göstərdiyini bildirib. O, Rusiya ilə Ukrayna arasında qarşıdakı əsir mübadiləsini müsbət qərar adlandırıb. ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, Avropa nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda bilavasitə iştirak etməsələr də, baş tutmuş təmaslar barədə məlumatlandırılıblar.

Növbəti görüşlə bağlı razılıq əldə olunub

C.Kuşner isə deyib ki, ABŞ Avropa ölkələri ilə qitədə təhlükəsizlik arxitekturasını müzakirə etməyə başlayıb. Vaşinqton Avropa ölkələrinin danışıqlarda iştirak etməyə və Ukraynadakı münaqişənin başa çatmasına kömək göstərməyə hazır olduğunu görür.

Moskvadan sonra ABŞ Prezidentinin xüsusi nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə gediblər. Zelenski Dublində onlarla keçirilən danışıqların yekunlarına əsasən, müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinə hazırlıq getdiyini açıqlayıb. Bu barədə Ukrayna lideri “X” sosial şəbəkədə yazıb: “Biz bu həftə keçirilən bütün danışıqların yekunlarını müzakirə etmək üçün İrlandiyada Stiv Uitkoff və Cared Kuşnerlə görüşdük. İlk nəticə humanitar xarakter daşıyır: əsirlər azad ediləcək və biz bu müharibənin başlanğıcından bəri ən böyük əsir mübadiləsinin baş tutacağına ümid edirik”. Onun sözlərinə görə, ikinci nəticə Avropa nümayəndələrinin diplomatik prosesə daha fəal cəlb olunmasıdır. Bu, onlara danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etmək imkanı verəcək. “Ukrayna hər zaman bütün Avropanın maraqlarını müdafiə edir”, - deyə prezident vurğulayıb.

Zelenski, həmçinin yeni çoxtərəfli görüşlərə hazırlıq getdiyini və diplomatik fəaliyyətin davam etdiriləcəyini bildirib. Yeri gəlmişkən,  Uitkoff da növbəti görüşlə bağlı tərəflər arasında razılıq əldə edildiyini açıqlayıb. Həmin görüşdə Avropa nümayəndələrinin də iştirak edəcəyi istisna olunmur.

N.BAYRAMLI