Azərbaycanın Tehrandakı səfirliyində təşkil olunmuş səsvermə məntəqəsi yerli vaxtla saat 19-da bağlanıb. Səsvermə zamanı qanun pozuntusu halları baş verməyib. Səfirliyin əməkdaşları, Azərbaycanın İrandakı digər qurumlarının nümayəndələri, onların ailə üzvləri, həmçinin Tehranda olan vətəndaşlarımız azad və demokratik şəraitdə səsvermədə iştirak ediblər.
Xatırladaq ki, bu məntəqə səfirliyin konsulluq şöbəsində müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün 341 bülletenlə təmin edilib. Seçicilərin əksəriyyəti Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrdir. Onlar səfirliyin təşkil etdiyi xüsusi avtobuslarla Tehrana gələrək referendumda iştirak ediblər.
Səsvermədə 248 Azərbaycan vətəndaşı iştirak edib. Bu, məntəqədə səsvermə hüququna malik olan seçicilərin təxminən 75 faizini təşkil edir. Səsvermədə iştirak edənlərin 20 nəfəri əlavə seçici siyahısı üzrə bülletenlə təmin edilib.