“Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır. Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə çox böyük hörmətlə yanaşır. Tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır. Biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə, adət ənənələrinə hörmətlə yanaşmışıq”. Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır. Məktəb təhsil, elm və bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyil. Həmsöhbətimiz qeyd edib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır və bu, təhsilin keyfiyyətinə müsbət təsir edir: “Mən Bakıda o vaxtkı Qırmızı Əmək bayrağı ordenli 190 nömrəli məktəbdə təhsil almışam. O dövrdə elm, təhsil almaq üçün hər birimiz təsdiq edilmiş formada məktəbə gələrdik. Bu, uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi”.
“Qızlarımız gələcəyin analarıdırlar. Savadlı ana, gələcəyə savadlı övlad yetişdirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir qız övladımız təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər”- deyə, Bəyimxanım Cavanşirova-Verdiyeva vurğulayıb.
Nardar BAYRAMLI