Ağdam adı uca tutulduğu qədər dərin bir insan ağrısını, eyni zamanda sarsılmaz dirçəliş iradəsini özündə birləşdirir. Hər il noyabrın 20-ni Ağdam Şəhəri Günü kimi qeyd edərkən, biz sadəcə bir təqvim hadisəsini deyil, tarixi ədalətin bərpasını, xalqımızın iradəsinin zəfərini və dağıntılardan ucalan yeni dövlətçilik epopeyasını bayram edirik. Otuz ilə yaxın müddətdə dünyanın “Qafqazın Xirosiması” kimi tanıdığı, daşı daş üstündə qalmayan bu qədim diyar bu gün bəşər tarixində unikal bir dirçəlişin, torpağına sahib çıxan xalqın və Müzəffər Ali Baş Komandanın iradəsi ilə yazılan böyük qayıdışın simvoluna çevrilib.
Tarixə nəzər salsaq, bu torpağın hər qarışının qədim mədəniyyət salnaməsi olduğunu görərik. Üzərliktəpə abidəsinin ortaya qoyduğu qədim yaşayış izləri, Qarabağ xanlığının banisi Pənahəli xanın yadigarı olan əzəmətli İmarət kompleksi, Şahbulaq qalası və Qiyaslı məscidi əzəli Azərbaycan yurdunun zəngin irsini təsdiqləyir. Lakin rəsmi İrəvanın işğal dövründə bu mədəniyyət ocağına qarşı törətdiyi vəhşiliklər bəşəriyyətə qarşı işlənmiş ən ağır hərbi cinayətlərdən biri idi.
Həmin dağıntıların fonunda Prezident İlham Əliyevin işğaldan dərhal sonra azad olunmuş Ağdama səfəri zamanı səsləndirdiyi “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri sadəcə bəyanat deyil, yeni eranın təməl daşı idi.
Bu böyük quruculuq missiyası addımbaaddım, dəqiq strategiya əsasında həyata keçirildi. 2021-ci ilin mayında dövlət başçısının Ağdama səfəri zamanı şəhərin bərpasının təməl daşının qoyulması, ilk yaşayış binalarının, Ağdam Sənaye Parkının, həmçinin Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlinin qoyulması, meşə-parkda dağdağan ağaclarının əkilməsi, 1 saylı məktəbin təməlinin atılması, eləcə də tarixi İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq bu torpağın ruhunun dirçəldilməsinin ilk addımları idi. Eyni zamanda, Bərdə-Ağdam avtomobil yolunun təməlinin qoyulması gələcək inteqrasiyanın yolunu açdı.
Bu inamın real nəticələri sonrakı illərdə daha geniş miqyas aldı. 2023-cü ilin dekabrında “AzərEnerji”nin “Ağdam” qovşaq yarımstansiyasının açılışı, Xaçınçay su anbarının bərpadan sonra istifadəyə verilməsi, həmçinin dördüncü və beşinci yaşayış komplekslərinin, Mərkəzi parkın təməlinin qoyulması, Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlqoyma mərasimləri və Bərdə-Ağdam yolunun açılışı bölgənin iqtisadi və sosial həyatını yenidən canlandırdı. İmarət Kompleksində aparılan bərpa işləri tarixi yaddaşın qorunmasına verilən qiymətin təzahürü oldu.
2025-ci ilin fevral və iyul aylarındakı səfərlər isə Ağdamın artıq dağıntı simvolundan müasir həyat mərkəzinə çevrildiyini bütün dünyaya göstərdi. Şəhərdə “Hilton Garden Inn” hotelinin tikintisi, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı, Muğam Mərkəzində görülən işlər, “Ağdam Residence” və ikinci yaşayış kompleksləri, eləcə də Ağdam Sənaye Parkında tütün məmulatları istehsalı müəssisəsinin işə düşməsi bu diyarın güclü iqtisadi potensialını nümayiş etdirdi. Şəhər 1 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı və bərpa olunmuş tarixi Qiyaslı məscidində azan səslərinin ucalması isə Ağdamda həyatın əbədi olaraq bərqərar olduğunun ən ali sübutudur.
Bütün bu prosesləri vahid mərkəzdə birləşdirən və “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq inşa edilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhəri gələcəyin mühüm nəqliyyat qovşağına çevirir.
Tarix şahiddir ki, heç bir dağıdıcı ideologiya və ya bəşəri vəhşilik öz kökündən güc alan əzəmətli xalqın iradəsini sındıra bilməz. 20 Noyabr – Ağdam Şəhəri Günü sadəcə qayıdışın deyil, həm də xarabalıqlar üzərində ucalan yeni, məğrur və əbədi həqiqətin – qalib Azərbaycanın təntənəsidir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri