Ağdamın dünəni, bu günü və sabahı

Ağdamın dünəni, bu günü və sabahı

16 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Eynallı kənd”, “Vurğun qəsəbə”, “Qırılı kənd” və “Həsənsu kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 noyabr “Ağdam şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi irsə malik şəhərlərindən biri olan Ağdam Qarabağın mühüm mədəni, iqtisadi və strateji mərkəzlərindən hesab olunur. Bu şəhər əsrlər boyu özünün tarixi abidələri, milli-mənəvi dəyərləri, zəhmətkeş insanları və zəngin mədəni həyatı ilə seçilmişdir. Ağdam təkcə coğrafi məkan deyil, həm də xalqımızın yaddaşında xüsusi yeri olan, həsrət, mübarizə, qəhrəmanlıq və qayıdış rəmzinə çevrilmiş şəhərdir.

Tədbirdə çıxış edən digər natiqlər – “Eynallı kənd” Ərazi Partiya Təşkilatının sədri Güldərya Kərimova, Eynallı kənd tam orta ümumtəhsil məktəbin müəllimi Sevinc Rzayeva və Eynallı kənd tam orta ümumtəhsil məktəbin direktoru Mövsüm Paşayev bildiriblər ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycan xalqının çoxəsrlik tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Ağdamın azad olunması minlərlə məcburi köçkünün doğma yurduna qayıdış ümidini yenidən gerçəkləşdirdi. 2022-ci il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təsis edildi. Bu əlamətdar gün xalqımızın milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının rəmzidir.