Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq mövqeyinin və Azərbaycan–Vyetnam münasibətlərinin inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətləri, siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrin genişləndirilməsi məsələləri ətraflı şəkildə diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu vurğulamışdır. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynamışdır. Bu tarixi ənənələr müstəqillik dövründə də uğurla davam etdirilmişdir.

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri əlaqələrin genişlənməsinə mühüm töhfə vermişdir. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat isə münasibətləri yeni mərhələyə yüksəltmişdir.

Müsahibədə siyasi əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Vyetnamın nümayiş etdirdiyi prinsipial mövqe iki ölkə arasında qarşılıqlı etimadın mühüm göstəricisi kimi dəyərləndirilmişdir.

İqtisadi əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin əsas istiqamətlərindən biridir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud potensialın daha böyük olduğunu vurğulayan dövlət başçısı enerji, sənaye, kənd təsərrüfatı, tikinti və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd etmişdir.

Energetika sahəsində SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı bu əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu Orta Dəhliz vasitəsilə Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Müsahibədə humanitar və mədəni əlaqələrin inkişafı da diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Təhsil sahəsində əməkdaşlığın zəngin tarixi vardır. Sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alması bu əlaqələrin formalaşmasında mühüm rol oynamışdır.

Mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Azərbaycanda Vyetnam mədəniyyət günlərinin keçirilməsi, ədəbi əsərlərin tərcüməsi, incəsənət və təhsil sahəsində birgə təşəbbüslər xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır. Bu münasibətlərin tarixi köklərində Qara Qarayevin “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun Vyetnamdakı fəaliyyəti də xüsusi yer tutur.

Azərbaycanın Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi humanitar yardım da ölkəmizin beynəlxalq həmrəylik və humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan–Vyetnam əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın müstəqil, prinsipial və çoxşaxəli xarici siyasətinin növbəti təzahürüdür. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan tarixi dostluq münasibətlərini müasir dövrün tələblərinə uyğun inkişaf etdirərək yeni tərəfdaşlıqlar qurmağa xüsusi önəm verir. Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın möhkəmlənməsi hər iki ölkənin iqtisadi inkişafına, beynəlxalq mövqelərinin güclənməsinə və xalqlarımız arasında dostluğun daha da dərinləşməsinə xidmət edir.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi