Bayrağımız qürurumuzdur

Bayrağımız qürurumuzdur

 

 

Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli Bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı.  Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi.


Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayrağımızın rəngləri müxtəlif mənaları kəsb edir. Bu rənglər istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

 

Bayrağımız qürurumuz, kimliyimizdir. Bayraq, beynəlxalq arenada bizi bir millət və dövlət olaraq tanıdan, suverenliyimizi təsdiq edən ən birinci rəmzdir. Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır.

Dövlət rəmzinə hörmət hər bir vətəndaşın borcudur.

 

Ulu Öndər Heydər Əliyev “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirlərinin davamı olaraq bu çağırışı da etmişdir ki, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

 

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri