İkitərəfli münasibətlərin yeni inkişaf mərhələsi

İkitərəfli münasibətlərin yeni inkişaf mərhələsi

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk illərdən etibarən beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmək, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasətin mühüm istiqamətlərindən birini də Avropa dövlətləri, xüsusilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrin inkişafı təşkil edir.
  Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlər 1992-ci il martın 11-də qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində əsası qoyulan əməkdaşlıq sonrakı dövrlərdə daha da genişlənmiş, siyasi, iqtisadi və enerji sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.Bu münasibətlərin inkişafında 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşımışdır.
  2026-cı il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən Dublin şəhərində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə ikitərəfli münasibətlərin tarixində yeni və əlamətdar mərhələnin başlanğıcı olmuşdur. Bu sənəd iki ölkə arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasını, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini nəzərdə tutur.
  Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Sənəddə regional sülhün və sabitliyin qorunması, qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi dialoqun intensivləşdirilməsi, müdafiə potensialının inkişafı və təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Tərəflər müdafiə sahəsində kadr hazırlığı, təcrübə mübadiləsi, institusional potensialın artırılması və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması məsələlərinə xüsusi diqqət yetirirlər.Bəyannamədə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyi də bir daha təsdiqlənir.

  Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsas sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Uzun illər ərzində formalaşmış enerji tərəfdaşlığı ölkəmizin beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynamışdır.Yeni Bəyannamə iqtisadi əlaqələrin daha da şaxələndirilməsini, qarşılıqlı investisiyaların artırılmasını, ticarət dövriyyəsinin genişləndirilməsini və yeni biznes imkanlarının yaradılmasını hədəfləyir.Sənəddə xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşmə, aşağı karbon texnologiyaları, infrastruktur və xidmət sektorlarında əməkdaşlıq prioritet istiqamətlər kimi müəyyənləşdirilir.
  Birgə Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri də humanitar və intellektual əməkdaşlığın inkişafıdır. Sənəddə ali təhsil, peşə təhsili, elmi tədqiqatlar, rəqəmsal bacarıqlar və müasir texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və yeni texnologiyalar üzrə təcrübə mübadiləsi hər iki ölkə üçün mühüm perspektivlər açır. Təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri və sənaye qurumları arasında əməkdaşlığın təşviqi gənclərin bilik və bacarıqlarının artırılmasına, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına şərait yaradacaqdır.
    Bütövlükdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə sadəcə diplomatik sənəd deyil, iki ölkənin gələcək əməkdaşlıq münasibətlərinin geniş və çoxşaxəli yol xəritəsidir.
  Əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, etibarlı tərəfdaş kimi qəbul olunan və regional proseslərə mühüm təsir göstərən dövlətə çevrilmişdir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi də bu uğurlu siyasətin növbəti mühüm nailiyyətlərindən biri kimi tarixə düşür.

 

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi