Konstitusiya – dövlətçiliyimizin möhkəm təməli, hüquqlarımızın etibarlı təminatı

Konstitusiya – dövlətçiliyimizin möhkəm təməli, hüquqlarımızın etibarlı təminatı


Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını, milli iradənin ali qanun səviyyəsində təcəssümünü və demokratik dövlət quruculuğu yolunda atılmış tarixi addımı özündə ehtiva edir. Konstitusiya yalnız dövlətin əsas qanunu deyil, həm də xalqın azadlıq, müstəqillik, ədalət və firavan gələcək arzularının hüquqi ifadəsidir.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”. Həqiqətən də, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ənənələrimizi müasir dünyanın demokratik və hüquqi prinsipləri ilə birləşdirən fundamental sənəddir.
Müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi ölkəmizin tarixində mühüm siyasi və hüquqi hadisə olmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi geniş ictimai müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, həmin il noyabrın 27-də qüvvəyə minmişdir. Beləliklə, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq hüquqi dövlət quruculuğu üçün möhkəm zəmin formalaşdırmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiya Azərbaycan xalqının müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini təsbit etmişdir.

Azərbaycanın konstitusiya quruluşunun tarixi zəngin və mürəkkəb mərhələlərdən keçmişdir. Ölkəmizin ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmişdir. Sonrakı illərdə sovet dövlət quruluşunun dəyişməsi ilə əlaqədar 1925, 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiya sənədləri qəbul olunmuşdur. Xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi yadda qalmışdır. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirmək idi. Məhz Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və uzaqgörənliyi nəticəsində bu istiqamətdə mühüm işlər həyata keçirildi. 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin hüquqi başlanğıcına çevrildi. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix hər bir vətəndaşa hüquq və azadlıqların, qanunun aliliyinin, dövlət müstəqilliyinin və milli həmrəyliyin əhəmiyyətini bir daha xatırladır.

Konstitusiya beş bölmədən, on iki fəsildən və 158 maddədən ibarətdir. Əsas Qanunda dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqları, dövlətin iqtisadi və sosial əsasları öz əksini tapmışdır. Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmiş, ölkənin hüquqi sistemi zamanın tələblərinə uyğun təkmilləşdirilmişdir.

Konstitusiya quruluşunun qorunması və Əsas Qanunun aliliyinin təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusi əhəmiyyət daşıyır. 1998-ci il iyulun 14-də yaradılmış bu ali konstitusiya ədalət mühakiməsi orqanının başlıca məqsədi Konstitusiyanın aliliyini təmin etmək, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməkdir.
Konstitusiya Məhkəməsi qanunvericilik aktlarının və digər normativ hüquqi sənədlərin Konstitusiyaya uyğunluğunun yoxlanılması, konstitusiya hüquqlarının müdafiəsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. Məhkəmənin fəaliyyəti ölkəmizdə hüquq mədəniyyətinin inkişafına, ədalət mühakiməsinin təkmilləşdirilməsinə və qanunun aliliyinin möhkəmləndirilməsinə töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi və siyasi əhəmiyyət daşımışdır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və dövlət suverenliyimizin tam bərpası ilə bağlı mühüm məqamları özündə birləşdirmişdir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası dövlətçilik tariximizin yeni mərhələsini müəyyən etmişdir. Bu tarixi nailiyyətlər müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli iradəmizin təntənəsidir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər Əsas Qanunun mahiyyətinin daha dərindən öyrənilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi, vətəndaşların konstitusiya hüquq və vəzifələri barədə biliklərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Konstitusiyaya hörmət, onun müddəalarına əməl etmək yalnız hüquqi vəzifə deyil, həm də hər bir vətəndaşın Vətən və dövlət qarşısında mənəvi məsuliyyətidir. Çünki dövlətin gücü yalnız iqtisadi və siyasi qüdrəti ilə deyil, həm də qanunlara hörmət edən, hüquq və vəzifələrini dərk edən vətəndaşlarının fəallığı ilə ölçülür.

Konstitusiyamız müstəqilliyimizin hüquqi rəmzi, dövlətçiliyimizin etibarlı dayağı və gələcək nəsillərə ötürəcəyimiz ən mühüm milli dəyərlərdən biridir. Onun prinsiplərinə sadiqlik güclü dövlətin, hüquqi cəmiyyətin və firavan gələcəyin təminatıdır. Konstitusiyamızın aliliyi dövlətimizin qüdrəti, hüquqlarımızın qorunması isə cəmiyyətimizin tərəqqisidir!

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri