Hər bir müstəqil dövlətin gücü, ilk növbədə, onun möhkəm hüquqi əsaslara, demokratik idarəçilik prinsiplərinə və qanunun aliliyinə söykənən dövlətçilik sisteminə malik olması ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsini, milli dəyərlərini, azadlıq və müstəqillik arzularını özündə birləşdirən, ölkəmizin siyasi, hüquqi və ictimai həyatının əsas istiqamətlərini müəyyənləşdirən fundamental sənəddir. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü bu mühüm tarixi hadisənin əhəmiyyətini bir daha xatırlatmaqla yanaşı, dövlətimizin hüquqi əsaslarının möhkəmlənməsinə, vətəndaş hüquq və azadlıqlarının qorunmasına verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycanın konstitusiya quruluşunun formalaşması mürəkkəb və zəngin tarixi inkişaf yolu keçmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoysa da, həmin dövrdə ölkənin ilk Konstitusiyasını qəbul etmək mümkün olmamışdır. Sovet hakimiyyəti illərində qəbul edilən konstitusiyalar isə müstəqil dövlətçilik iradəmizi tam ifadə etmirdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın suverenliyini, demokratik inkişaf yolunu və hüquqi dövlət quruculuğunu təmin edən yeni Əsas Qanunun hazırlanması tarixi zərurətə çevrildi.
Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Bu hadisə dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olmaqla, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Konstitusiyada dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu təsbit edildi, hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirildi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edildi.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini yüksək qiymətləndirərək demişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikir Əsas Qanunumuzun yalnız hüquqi sənəd deyil, həm də milli dövlətçilik düşüncəsinin, tarixi təcrübənin və gələcəyə yönəlmiş inkişaf strategiyasının təcəssümü olduğunu göstərir.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Bu prosesdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusi yer tutur. 1998-ci ildə fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsini həyata keçirən ali orqan kimi Əsas Qanunun aliliyinin təmin edilməsinə, qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına xidmət edir. Onun fəaliyyəti hüquqi dövlət prinsiplərinin qorunması, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya demokratik, dünyəvi və hüquqi dövlət quruculuğuna keçidi təsbit etmiş, onun müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu sənəd müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq möhkəm hüquqi təməl yaratmışdır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizdə yeni reallıqlar yaradaraq Konstitusiyanın əhəmiyyətini daha da artırmışdır. Məhz bu tarixi nailiyyətlərin fonunda 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi məna daşıyır. Bu qərar müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının, suverenliyimizin və milli birliyimizin daha dərindən dərk olunmasına, konstitusion dəyərlərin cəmiyyət həyatında mövqeyinin gücləndirilməsinə xidmət edir.
Bu gün Azərbaycan Konstitusiyası yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən edən sənəd deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin və müstəqil gələcəyinin təminatıdır. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara əməl etmək, hüquq və vəzifələrimizi dərindən dərk etmək hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətdir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü hər birimizə xatırladır ki, güclü dövlətin təməlində güclü qanun, möhkəm hüquqi sistem və qanunlara hörmət edən cəmiyyət dayanır. Əsas Qanunumuz müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin dayağı və gələcək nəsillərə ötürülən ən mühüm dövlətçilik miraslarımızdan biridir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı