Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi müstəqilliyin gücləndirilməsi, təhlükəsizliyin təmin olunması və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsi kimi strateji məsələləri əhatə edir.
Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu xüsusi vurğulayaraq qeyd edib ki, partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə qazandığı uğurlarda partiya fəallarının və üzvlərinin mühüm töhfəsinin olduğu diqqətə çatdırılıb.
Prezident İlham Əliyev çıxışında qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsinin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və milli maraqlara əsaslanan ardıcıl fəaliyyət nəticəsində ölkəmiz qarşısında duran mühüm tarixi vəzifələr həyata keçirilib.
Cənab prezident vurğulayıb ki, Azərbaycan xalqının vahid mövqedən çıxış etməsi və dövlətin qətiyyəti ölkəmizə qarşı yönəlmiş bəd niyyətlərin qarşısının alınmasında həlledici rol oynayıb. Xalq-iqtidar birliyi Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinin, milli maraqlarının qorunmasının və tarixi Zəfərin əldə olunmasının əsas amillərindən biri kimi qiymətləndirilib.
Çıxışda Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyi, Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışının ölkənin müstəqilliyinin qorunmasında, siyasi sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün də uğurla davam etdirildiyini bildirən Prezident İlham Əliyev müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə prinsiplərinin Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb.
Dövlət başçısının çıxışında Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və iqtisadi potensialının artması mühüm yer tutub. Qeyd olunub ki, ölkəmiz müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində nüfuzu getdikcə artan dövlətdir.
Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə sabitliyinin qorunması, valyuta ehtiyatlarının artırılması və xarici borcun aşağı səviyyədə saxlanılması ölkənin dayanıqlı inkişafının əsas göstəriciləri kimi diqqətə çatdırılıb. Prezident İlham Əliyev iqtisadi imkanların genişləndirilməsinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm zəmin yaratdığını bildirib.
Çıxışda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərə də toxunulub. Bu istiqamətdə həyata keçirilən siyasətin başlıca məqsədinin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi olduğu vurğulanıb.
Azərbaycanın zəngin enerji resurslarına malik olması, enerji istehsalı və ixracında mühüm mövqeyi, eləcə də beynəlxalq investisiyaların cəlb edilməsi ölkənin iqtisadi inkişaf perspektivlərini genişləndirən amillər kimi dəyərləndirilib. Beynəlxalq İnvestisiya forumları çərçivəsində əldə olunan nəticələr, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, ölkəmizin regional logistika mərkəzinə çevrilməsi istiqamətində görülən işlər Azərbaycanın gələcək iqtisadi potensialını gücləndirən mühüm istiqamətlər kimi təqdim olunub.
Prezident İlham Əliyev çıxışında ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin və təhlükəsizlik tədbirlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, mümkün təxribatların qarşısının alınması və dövlət suverenliyinin təmin edilməsi üçün güclü müdafiə potensialı mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin də müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini qeyd edib. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internet və süni intellekt imkanlarının genişləndiyi bir şəraitdə dezinformasiya və ideoloji təxribatlara qarşı mübarizənin əhəmiyyəti diqqətə çatdırılıb.
Bu baxımdan, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və dünyagörüşünün artırılması, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev vurğulayıb ki, savadlı, məlumatlı və milli maraqlara bağlı cəmiyyət yalan məlumatlara və zərərli ideoloji təsirlərə qarşı daha dayanıqlı olur.
Çıxışda Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının da bu istiqamətdə üzərinə mühüm vəzifələr düşdüyü qeyd olunub. Müasir dövrün tələblərinə uyğun ideoloji işin təşkili, formal yanaşmalardan uzaqlaşmaq, ölkədə həyata keçirilən islahatların, quruculuq işlərinin və əldə olunan nailiyyətlərin ictimaiyyətə düzgün çatdırılması zəruri hesab edilib.
Azərbaycanın xarici siyasət strategiyası da Prezident İlham Əliyevin çıxışında geniş yer tutan məsələlərdən olub. Dövlət başçısı ölkəmizin müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələr qurduğunu, fərqli siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlıq etdiyini və milli maraqlarını müstəqil şəkildə müdafiə etdiyini bildirib.
Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişləndirilməsinin ölkənin geosiyasi mövqeyini gücləndirdiyi vurğulanıb. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın birləşdirici roluna diqqət çəkilib.
Dövlət başçısının fikirlərinə görə, xarici siyasət bundan sonra da fəal, təşəbbüskar və milli maraqlara əsaslanan istiqamətdə davam etdirilməlidir. Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil mövqeyini qoruması, heç bir xarici müdaxiləyə yol verməməsi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığı genişləndirməsi əsas prioritetlərdəndir.
Qurultaydakı çıxışın mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri olub. Prezident İlham Əliyev Böyük Qayıdış prosesinin qarşıdakı illərdə daha da sürətləndiriləcəyini bildirib.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda insanların yaşaması, işləməsi və təhsil alması üçün yaradılan şəraitə, bu bölgələrin inkişafına ayrılan vəsaitə və məskunlaşmanın genişləndirilməsinə dair məlumatları diqqətə çatdırıb. Bu işlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıya qoyulan əsas strateji vəzifələrin davamı kimi qiymətləndirilib.
Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi yalnız infrastrukturun bərpası deyil, həm də bölgənin iqtisadi potensialının üzə çıxarılması, yeni iş yerlərinin yaradılması, sosial həyatın canlandırılması və tarixi torpaqlarımızda dayanıqlı məskunlaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı çıxışında ölkənin inkişafı, milli maraqların qorunması, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi tərəqqinin davam etdirilməsi və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi ilə bağlı əsas prioritetləri diqqətə çatdırıb.
Bu prioritetlərin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Partiya təşkilatları qarşılarında duran vəzifələri müasir dövrün tələblərinə uyğun qurmalı, əhali ilə əlaqələri gücləndirməli, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin maarifləndirilməsinə töhfə verməlidirlər.
Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas mesaj ondan ibarətdir ki, Azərbaycanın gələcək inkişafı milli birlik, güclü dövlətçilik, iqtisadi müstəqillik, etibarlı təhlükəsizlik sistemi və fəal xarici siyasət prinsipləri əsasında davam etdirilməlidir. Bu strateji istiqamətlərin ardıcıl həyata keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin qarşısında duran strateji vəzifələrin bir daha müəyyənləşdirilməsi, tarixi nailiyyətlərin qorunması və gələcək hədəflərə doğru inamla irəliləmək baxımından mühüm əhəmiyyət daşıyır.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi