Qarabağ Zəfərinin təməli: Heydər Əliyevin dövlətçilik strategiyası və siyasi irsi

Qarabağ Zəfərinin təməli: Heydər Əliyevin dövlətçilik strategiyası və siyasi irsi

 

     Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan, milli iradənin, dövlətçilik əzminin və ərazi bütövlüyü uğrunda mübarizənin təntənəsi kimi yadda qalan mühüm hadisədir. Bu tarixi qələbəyə aparan yolun başlanğıcı isə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qarabağ Zəfəri yalnız hərbi uğur deyil, eyni zamanda uzun illər ərzində aparılan siyasi, diplomatik, iqtisadi və dövlət quruculuğu fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.

    1990-cı illərin əvvəllərində Azərbaycan olduqca mürəkkəb tarixi şəraitlə üzləşmişdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, idarəetmə problemləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövlətin gələcəyini ciddi təhlükə altına almışdı. Torpaqlarımızın işğal olunması, minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, cəbhədə yaranmış ağır vəziyyət xalqın qarşısında mühüm vəzifələr qoyurdu. Belə bir dövrdə ölkənin müstəqilliyini qorumaq, dövlət institutlarını möhkəmləndirmək və milli birliyi təmin etmək həyati əhəmiyyət daşıyırdı.

    1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Həmin tarix sonralar Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və müstəqilliyin qorunması istiqamətində ardıcıl tədbirlərə başlanıldı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bu proses yeni mərhələyə qədəm qoydu.

    Ümummilli Lider Qarabağ münaqişəsinin həllini yalnız hərbi müstəvidə deyil, geniş dövlətçilik strategiyası çərçivəsində nəzərdən keçirirdi. O, Azərbaycanın güclü dövlətə çevrilməsi üçün ilk növbədə siyasi sabitliyin yaradılmasını, dövlət institutlarının fəaliyyətinin bərpasını, milli ordunun formalaşdırılmasını və iqtisadiyyatın inkişaf etdirilməsini vacib hesab edirdi. Çünki ərazi bütövlüyünün təmin olunması üçün güclü dövlət, dayanıqlı iqtisadiyyat, hazırlıqlı ordu və xalqın birliyi əsas şərtlər idi.

     Heydər Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri Azərbaycan Ordusunun formalaşdırılması və gücləndirilməsi idi. Müstəqilliyin ilk illərində vahid komandanlıq və nizam-intizam problemləri ilə üzləşən hərbi qüvvələrin yenidən təşkilinə ehtiyac var idi. Bu istiqamətdə atılan addımlar ordunun peşəkarlığının artırılmasına, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və hərbi idarəetmənin təkmilləşdirilməsinə xidmət edirdi. 1994-cü il mayın 12-də atəşkəs razılaşmasının əldə olunması da ölkəyə hərbi və siyasi vəziyyəti yenidən qiymətləndirmək, dövlət quruculuğuna diqqəti artırmaq imkanı yaratdı.

     Ümummilli Liderin siyasi strategiyasında diplomatiya da mühüm yer tuturdu. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində müdafiə olunması və münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi əsas vəzifələrdən idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən, işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını tələb edən mühüm beynəlxalq sənədlər oldu. Bu sənədlərin qəbul edilməsi Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquq müstəvisində ifadəsi baxımından əhəmiyyət daşıyırdı.

     1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” də Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi. Bu müqavilə Azərbaycanın zəngin enerji resurslarının beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsinə, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və iqtisadi potensialın artırılmasına şərait yaratdı. Neft strategiyasının həyata keçirilməsi gələcək inkişaf üçün maliyyə və iqtisadi imkanların formalaşmasına kömək etdi. Güclü iqtisadiyyatın yaradılması isə müdafiə qabiliyyətinin artırılması, infrastrukturun yenilənməsi və sosial inkişaf üçün mühüm əsas idi.

     Heydər Əliyevin əsas xidmətlərindən biri də milli birlik və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi idi. O, ölkənin müxtəlif bölgələrində yaşayan insanların vahid dövlət və milli maraqlar ətrafında birləşməsini vacib hesab edirdi. Qarabağ məsələsi Azərbaycan xalqının ümummilli məsələsi kimi qəbul edilir, torpaqlarımızın azad olunması ideyası gələcək nəsillərə ötürülürdü. Bu baxımdan, milli həmrəyliyin gücləndirilməsi sonrakı illərdə ölkənin qarşıya qoyduğu strateji məqsədlərin həyata keçirilməsində mühüm rol oynadı.

    2003-cü ildən sonra Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu İlham Əliyev tərəfindən davam etdirildi. Ölkədə iqtisadi inkişafın sürətləndirilməsi, hərbi potensialın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın imkanlarını daha da genişləndirdi. Dövlət büdcəsinin və iqtisadi potensialın artması ordu quruculuğuna daha geniş resursların ayrılmasına şərait yaratdı. Eyni zamanda, diplomatik fəaliyyət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirildi.

     2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azad olunması uğrunda hərbi əməliyyatlar həyata keçirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində mühüm hadisəyə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu qələbə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinin sona çatması istiqamətində tarixi əhəmiyyət daşıdı.

    Qarabağ Zəfərinin mühüm mərhələlərindən biri də 2023-cü ilin sentyabrında Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi oldu. Bununla da ölkənin ərazi bütövlüyü və suverenliyi istiqamətində qarşıya qoyulan mühüm tarixi məqsəd reallaşdı. Bu hadisələr Azərbaycanın dövlətçilik tarixində yeni bir dövrün başlanğıcını müəyyənləşdirdi.

     Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da Qarabağ Zəfərinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Şəhər və kəndlərin yenidən qurulması, yolların, elektrik və su təchizatı sistemlərinin yaradılması, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası Böyük Qayıdış prosesinin əsas istiqamətləridir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması tarixi ədalətin bərpasının mühüm göstəricisidir.

Cəmilə Bağırova

YAP Ordubad rayon təşkilatında məsləhətçi