Qubada YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının “Quba şəhəri, Fətəlixan küçəsi 57 a. ünvanında yerləşən ( Quba Telekommunikasiya Qovşağı) ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin daha da təkmilləşdirilməsi və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliğinin, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin partiya üzvləri və ictimaiyyət arasında geniş izahının vacibliyini qeyd edib.

Fidan Hüseynova partiyanın fəaliyyətində fəal iştirakın, üzvlər arasında həmrəyliyin gücləndirilməsinin və verilən tapşırıqların məsuliyyətlə yerinə yetirilməsinin əhəmiyyətinə toxunaraq, VIII Qurultayda qarşıya qoyulan vəzifələrin icrasının hər bir partiya üzvündən fəallıq və təşəbbüskarlıq tələb etdiyini bildirib.

Quba Telekommunikasiya Qovşağının rəisi Nail İldırzadə və ərazi partiya təşkilatının sədri Bəhruz Tahirov çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, partiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsində kollektivin və partiya üzvlərinin fəallığının artırılmasının əhəmiyyətindən bəhs ediblər. Onlar VIII Qurultayda müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Müşavirə qarşıda duran vəzifələrin müzakirəsi və müvafiq tapşırıqların diqqətə çatdırılması ilə başa çatıb.