Milli dəyərlərdən qlobal dialoqa, milli maraqlardan beynəlxalq nüfuza

 

 

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq əməkdaşlığın, mədəniyyətlərarası anlaşmanın və sülhün təşviqində oynadığı mühüm rolu bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal gündəmin aktual məsələlərinə toxunaraq ölkəmizin tarixi-mədəni irsi, müstəqil inkişaf yolu, beynəlxalq mövqeyi və müasir dünyada artan nüfuzu barədə mühüm mesajlar verdi.

Dövlət başçısı vurğuladı ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri müzakirə etmək üçün ən səmərəli və əhatəli platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu beynəlxalq platformanın davamlı inkişafı ölkəmizin qlobal dialoqa verdiyi töhfənin, tərəfdaşlığa açıq mövqeyinin və humanist dəyərlərə sadiqliyinin göstəricisidir. Müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirən Forum fikir ayrılıqlarının qarşıdurma deyil, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həllinin vacibliyini ön plana çıxarır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın çoxəsrlik multikulturalizm ənənələri xüsusi yer tutdu. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların təmas məkanı olub. Milli və dini müxtəlifliyə hörmət, tolerantlıq və ictimai həmrəylik Azərbaycan cəmiyyətinin əsas dəyərlərindəndir. Bu dəyərlər təkcə tarixi irsimizin bir hissəsi deyil, həm də dövlətimizin sabit inkişafını və cəmiyyətimizin birliyini təmin edən mühüm amillərdir.

Dövlət başçısının “Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik” fikri xalqımızın milli-mənəvi irsinə bağlılığını ifadə edən mühüm mesajdır. Tarixin müxtəlif dövrlərində mürəkkəb siyasi şəraitlə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı öz dilini, adət-ənənələrini, milli kimliyini və mənəvi dəyərlərini qoruyub saxlamağı bacarıb. Müstəqilliyin bərpasından sonra isə bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu gün Azərbaycanın milli kimliyinə sadiqliyi ilə müasir inkişaf modelini uzlaşdırması ölkəmizin özünəməxsusluğunu müəyyən edən əsas xüsusiyyətlərdəndir.

Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyi və beynəlxalq münasibətlər sistemində ikili standartlar məsələsi də mühüm yer tutdu. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün real və işlək mexanizmlərin yaradılmasının vacibliyini vurğuladı. Bu mövqe beynəlxalq hüququn prinsiplərinin seçici yanaşma olmadan tətbiq edilməsinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinə çağırışdır. Beynəlxalq hüququn yalnız sənədlərdə əks olunan müddəa kimi qalmaması, konkret nəticələrlə müşayiət olunması dünya miqyasında ədalətin və davamlı sülhün təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın müstəqil xarici siyasəti, regional və beynəlxalq təşəbbüslərdə fəal iştirakı ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan özünü beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi təqdim edə bilib. Bu mövqenin əsasında milli maraqlara söykənən siyasət, qarşılıqlı faydalı əməkdaşlıq, enerji təhlükəsizliyinə verilən töhfələr və regionda sabitliyin möhkəmləndirilməsinə yönələn təşəbbüslər dayanır. Ölkəmizin beynəlxalq platformalarda fəallığı göstərir ki, Azərbaycan yalnız qlobal prosesləri izləyən deyil, eyni zamanda onların formalaşmasına töhfə verən dövlətdir.

Azərbaycanın iqtisadi dayanıqlığı da dövlət başçısının diqqət çəkdiyi məsələlər sırasında oldu. Xarici dövlət borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması ölkənin maliyyə sabitliyini səciyyələndirən mühüm göstəricilərdən biridir. Bu fakt iqtisadi siyasətin əsas prioritetlərindən olan maliyyə intizamının qorunması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və gələcək inkişaf üçün möhkəm zəmin yaradılması baxımından əhəmiyyətlidir. İqtisadi potensialla siyasi iradənin uzlaşdırılması Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən başlıca amillərdəndir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın milli dəyərlərə sadiq, beynəlxalq hüququn aliliyini müdafiə edən və qlobal əməkdaşlığa töhfə verən dövlət kimi mövqeyini bir daha ortaya qoydu. “Ortaq gələcək naminə dialoq” çağırışı isə müasir dünyanın qarşılaşdığı mürəkkəb problemlərin həllində qarşılıqlı hörmətin, ədalətin və əməkdaşlığın əhəmiyyətini ifadə edir. Azərbaycanın ev sahibliyi etdiyi bu Forum ölkəmizin mədəniyyətlərarası dialoq məkanı kimi beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, sülhə və ortaq gələcəyə yönəlmiş təşəbbüslərin inkişafına da mühüm töhfə verir.

 

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı