Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində müşavirə keçirilib

Oktyabrın 28-də “İnşaatçılar pr. 81” ünvanı üzrə (Dövlət Statistika Komitəsi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Dövlət Statistika Komitəsinin birinci müavini Vahab Məmmədov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin birinci müavini Vahab Məmmədov tədbir iştirakçılarını salamlayaraq ölkəmizin sosial-iqtisadi mənzərəsini dəqiq göstəricilərlə əks etdirən aparıcı dövlət qurumunda keçirilən bu görüşün vacib ideoloji və strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. V.Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf kursunu müəyyənləşdirən mühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi rəsmi statistika sisteminin modernləşdirilməsi, rəqəmsal məlumat bazalarının təkmilləşdirilməsi, beynəlxalq standartlara inteqrasiya və obyektiv tahlillərin aparılması istiqamətində Komitə kollektivinin qarşısına mühüm vəzifələr qoyur. Birinci müavin qeyd edib ki, Dövlət Statistika Komitəsinin heyəti cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatlara hər zaman dəstək verir və partiyanın ideoloji prinsiplərinin təbliğində öz fəal mövqeyini sürdürəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi mahiyyəti, rəsmi statistikanın dövlət idarəçiliyi və strategiyaların hazırlanmasındakı mühüm rolu və ərazi partiya təşkilatlarının qarşısında duran hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi yüksəlişinin və tarixi Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik təlimini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətli dövlətə çevrilmişdir. Ölkəmizdə həyata keçirilən böyük infrastruktur layihələri, Böyük Qayıdış proqramı və sosial-iqtisadi islahatlar məhz dəqiq elmi hesablamalara və statistik təhlillərə söykənir. Qazanılan uğurlar partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar dövlət idarəçiliyində və analitik strukturlarda fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni dinamika tələb edir. Müasir dövrdə məlumatların doğruluğu, rəqəmsal şəffaflıq və statistik göstəricilərin operativliyi dövlət təhlükəsizliyinin və iqtisadi planlaşdırmanın əsas şərtlərindəndir. Dövlət Statistika Komitəsinin əməkdaşları və fəal partiya üzvləri peşəkar fəaliyyətləri ilə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiya ideallarının təbliğində ön sıralarda olmalıdırlar. Ərazi partiya təşkilatı gənc mütəxəssislərin partiya həyatına fəal inteqrasiyası və ideoloji işin təsir gücünün artırılması istiqamətində məqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Dövlət Statistika Komitəsinin ərazi partiya təşkilatı yüksək intellektual və analitik kadr potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi istiqamətində Komitənin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

Çıxış edən “İnşaatçılar pr. 81” ünvanı üzrə (Dövlət Statistika Komitəsi) ərazi partiya təşkilatının sədri Sevda Süleymanova Komitədə aparılan rəqəmsallaşma proqramları, statistik məlumatların toplanması və emalında tətbiq edilən müasir metodologiyalar, eləcə də ərazi partiya təşkilatının təşkilati-ideoloji işləri haqqında məlumat verib. S.Süleymanova vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar hər bir əməkdaşı daha məsuliyyətlə çalışmağa həvəsləndirir. O, YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideallarının təbliğində fəal iştirak edəcəklərini bəyan edib.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.