Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil siyasətini və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri bir daha nümayiş etdirib.
Dövlət başçısı çıxışında vurğulayıb ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin tarixən formalaşmış multikultural dəyərlərinə, dini dözümlülük ənənələrinə və müxtəlif mədəniyyətlərə hörmət prinsipinə əsaslanır. Bu siyasət fərqli cəmiyyətlər arasında körpülərin qurulmasına, qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ikili standartların yolverilməz olduğunu da qeyd edib. Beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə müdaxilə edilməməsi və xalqların öz gələcəyini sərbəst müəyyənləşdirmək hüququ beynəlxalq münasibətlərin əsas prinsipləri olmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hər bir dövlətin müstəqilliyinə və milli maraqlarına eyni dərəcədə hörmət göstərilməlidir.
Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər də müstəqil siyasətin və xalqımızın zəhmətinin nəticəsidir. Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat sahələrində mövqelərinin möhkəmlənməsi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa dövlətləri ilə əməkdaşlıq, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun mühüm göstəriciləridir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması ölkəmizin həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, mühüm tədbirlərə ev sahibliyi etməsi və fərqli siyasi güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İslam Əməkdaşlıq Təşkilatının 2027-ci ildə keçiriləcək Zirvə Görüşünə və Avropa Siyasi Birliyinin 2028-ci ildəki Zirvə Görüşünə ev sahibliyi edəcək Azərbaycanın bu imkanları beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin göstəricisidir.
Ermənistanla sülh prosesinə də toxunan Prezident İlham Əliyev regionda yeni siyasi reallıqların formalaşdığını diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb. Sülh gündəliyinin irəlilədilməsi region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bildirib ki, biz özümüzü müdafiə etdik: “Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik”.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın sülh və qarşılıqlı anlaşma tərəfdarı kimi çıxış etməsidir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm zəmin yaradır. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni əməkdaşlıq imkanları formalaşıb. Bu imkanların reallaşdırılması dövlətlərin bir-birinin hüquqlarına hörmət etməsindən, qarşılıqlı etimadın gücləndirilməsindən və sülh gündəliyinə sadiqlikdən asılıdır. Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe isə dialoqun, əməkdaşlığın və davamlı sülhün alternativsiz əhəmiyyətini bir daha təsdiqləyir.
Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd edilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlərə baxışını, milli maraqlara əsaslanan müstəqil siyasətini və sülhə verdiyi önəmi nümayiş etdirir. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməklə yanaşı, dövlətlər arasında qarşılıqlı hörmətin, bərabərhüquqlu əməkdaşlığın və etimadın möhkəmləndirilməsini dəstəkləyir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.