XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində müşavirə keçirilib

Oktyabrın 29-da “İnşaatçılar pr. 98” ünvanı üzrə (XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisi Arif Qaraşov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, ƏPT sədri Fərhad Qaraşov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi mahiyyəti, müasir təhsil sistemində insan kapitalının formalaşdırılması, innovativ texnologiyaların tədrisə inteqrasiyası və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi yüksəlişinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik təlimini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və Prezident cənab İlham Əıiyevin irəli sürdüyü prioritetlər beynəlxalq standartlara söykənən təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni keyfiyyət mərhələsi açır. Qeyd olunub ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi müasir təlim metodologiyalarını milli-mənəvi dəyərlərimizlə uzlaşdıran aparıcı təhsil ocaqlarındandır. Müəllim və pedaqoji kollektiv şagirdlərə yüksək biliklər aşılamaqla yanaşı, onları dövlətçilik təfəkkürünə sadiq, vətənpərvər, rəqabətəqabil və geniş dünyagörüşlü şəxsiyyət kimi formalaşdırmalıdırlar. Ərazi partiya təşkilatı gənc pedaqoqların və təhsil işçilərinin partiya həyatına fəal inteqrasiyası istiqamətində məqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin ərazi partiya təşkilatı böyük intellektual və pedaqoji potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində mərkəzin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, ƏPT sədri Fərhad Qaraşov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin postmüharibə dövründəki hərtərəfli inkişaf dinamikasını şərtləndirən, insan kapitalının keyfiyyətcə yüksəldilməsini ön plana çəkən strateji mərhələdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə, gənclərin dünya standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsinə göstərdiyi xüsusi diqqət və qayğı XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Müşahidə Şurasının sədri diqqətə çatdırıb ki, mərkəzdə tətbiq olunan beynəlxalq proqramlar və rəqəmsal tədris metodologiyaları təkcə savadlı kadrlar yetişdirməyə deyil, həm də milli-mənəvi dəyərlərə, dövlətçilik təfəkkürünə sadiq, yüksək vətənpərvərlik ruhuna malik şəxsiyyətlər formalaşdırmağa yönəlmişdir. Fərhad Qaraşov xüsusi olaraq qeyd edib ki, ərazi partiya təşkilatı məktəb kollektivi, müəllim heyəti və gənc mütəxəssislər arasında sağlam ideoloji mühitin saxlanılmasında, partiya ideayalarının və dövlət müstəqilliyimizin nailiyyətlərinin təbliğində lokomotiv rolu oynayır. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn tapşırıq və tövsiyələri gündəlik təhsil, idarəetmə və ictimai fəaliyyətlərində əsas rəhbər tutacaqlarını, gənc nəslin yetişdirilməsində və partiyanın sıralarının keyfiyyətcə zənginləşməsində mərkəz olaraq hər zaman ön sıralarda yer alacaqlarını bəyan edib.

Çıxış edən XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin müəllimi Yəmən Babayeva mərkəzdə gənc kadrlar üçün yaradılan geniş imkanlar, müasir tədris texnologiyalarının tətbiqi və şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsində pedaqoqların rolu barədə fikirlərini bölüşüb. Y.Babayeva qeyd edib ki, gənc müəllimlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin fəlsəfəsini tədris prosesində şagirdlərə aşılayır və Yeni Azərbaycan Partiyasının ideoloji xəttinə sadiq qalaraq dövlətçilik prinsiplərini fəal şəkildə təbliğ edirlər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.