“Dəmir yumruq” – xalqın birliyi və milli həmrəylik

“Dəmir yumruq” – xalqın birliyi və milli həmrəylik

 

Elşən Alıyev

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

8 Noyabr – Zəfər Günü onilliklər ərzində qəlbində Qarabağ həsrəti daşıyan milyonlarla insanın arzusunun gerçəkləşdiyi, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və ordumuzun qəhrəmanlığının bütün dünyaya nümayiş etdirildiyi möhtəşəm bir qələbənin rəmzidir. Azərbaycanın şanlı Qələbəsinin arxasında illərlə aparılan məqsədyönlü siyasət, iqtisadi gücün artırılması, ordunun müasirləşdirilməsi, milli birliyin qorunması və tarixi torpaqlarımızın azad olunacağına olan sarsılmaz inam dayanırdı. Dövlətimizin qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün bərpası idi və bu məqsəd bütün fəaliyyət istiqamətlərinin başlıca hədəfinə çevrilmişdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın güclü dövlətə çevrilməsini, beynəlxalq mövqelərinin möhkəmlənməsini və müdafiə imkanlarının artırılmasını təmin etdi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir silah və texnologiyaların əldə olunması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi gələcək qələbənin əsaslarını formalaşdırdı. Eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, ərazi bütövlüyünün tanınması və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq istiqamətində ardıcıl fəaliyyət göstərildi. Lakin bütün bunlarla yanaşı, Azərbaycan xalqının iradəsi və torpaq sevgisi də Qələbəyə aparan yolun əsas dayaqlarından idi. Azərbaycan xalqı inanırdı ki, ədalət gec-tez bərpa olunacaq və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək.

2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi bu inamın gerçəkliyə çevrildiyi tarixi mərhələ oldu. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın sarsılmaz birliyini üzə çıxardı. Döyüş meydanında əldə olunan uğurlar Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, uzun illər davam edən işğalın sona çatması üçün həlledici zəmin yaratdı.

Müharibənin hər günü yeni bir qələbə xəbəri ilə yadda qalırdı. Şəhər və kəndlərin azad edilməsi xalqımızın qəlbində böyük sevinc, qürur və ümid hissləri doğururdu. Əsgərlərimiz ən çətin şəraitdə belə irəli gedərək Vətən qarşısında müqəddəs borclarını yerinə yetirirdilər. Onların qəhrəmanlığı, fədakarlığı və döyüş əzmi Azərbaycan tarixinin şanlı səhifələrinə çevrildi. Bu mübarizədə xalq-iqtidar-ordu birliyi xüsusi rol oynadı. Azərbaycan vətəndaşları Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətən müharibəsinin mənəvi dayağına çevrildilər. Cəbhədə döyüşən hərbçilərin arxasında milyonlarla insanın dəstəyi, duası və inamı dayanırdı.

Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən mühüm hərbi və siyasi hadisə oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın düşmən işğalından qurtarılması xalqımızın tarixi yaddaşında xüsusi yer tutdu. Şəhərin mürəkkəb relyefi və çətin döyüş şəraiti nəzərə alınmaqla həyata keçirilən əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azad olunması düşmənin müqavimət imkanlarını ciddi şəkildə sarsıtdı və Zəfərə gedən yolu tamamladı. Məhz həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad edildiyini elan etdi. Bu xəbər Azərbaycan xalqı üçün illərlə gözlənilən müjdəyə çevrildi. Şuşanın azad olunması təkcə hərbi uğur deyil, milli ruhun, mədəni irsin və tarixi ədalətin təntənəsi idi.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni rəsmiləşdirdi. Noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kəndin azad edilməsi müharibənin miqyasını və Azərbaycan Ordusunun əldə etdiyi uğurların əhəmiyyətini aydın göstərirdi. Sonrakı mərhələdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyinin tam bərpası istiqamətində tarixi addımlar atıldı. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyi təmin edildi.

Şanlı Qələbəsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, dövlətçilik iradəsinin və milli birliyinin təntənəsidir. Uzun illər ərzində pozulmuş hüquqların bərpası, işğal altında qalan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın tarixi ədalətə inamını daha da gücləndirdi.

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin davam edən nəticələrini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar və tunellər çəkilir, enerji infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Uzun illər doğma yurdlarından uzaqda yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz evlərinə qayıtması tarixi qələbənin ən aydın ifadəsidir.

İşğaldan azad edilmiş ərazilərin bərpası dövlətimizin iqtisadi imkanlarını, strateji planlaşdırma qabiliyyətini və gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, bu əraziləri müasir yaşayış, istehsal, turizm və kənd təsərrüfatı mərkəzlərinə çevirməkdir. Beləliklə, hər bir yeni yaşayış məntəqəsi, çəkilən yol və istifadəyə verilən obyekt Zəfərin quruculuq mərhələsinin ayrılmaz hissəsinə çevrilir.

Şanlı Qələbə canlarını Vətən uğrunda fəda edən qəhrəmanların, sağlamlığını itirən qazilərin və müharibənin ağır sınaqlarından keçən hərbçilərin fədakarlığı sayəsində qazanılıb. Onların göstərdiyi igidlik Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı isə Vətən qarşısında xidmətlərin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasət qarşıya qoyulan ən çətin məqsədlərə çatmağa imkan verir. Vətən müharibəsində qazanılan Qələbə xalqımızın öz gücünə inamını artırdı, Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirdi və regionda yeni reallıqlar yaratdı. Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, milli qürurun və dövlətçilik iradəsinin rəmzi olaraq gələcək nəsillərə yol göstərəcəkdir.