Zəfər salnaməsi: qüdrətli dövlətin və yenilməz xalqın tarixi Qələbəsi

Zəfər salnaməsi: qüdrətli dövlətin və yenilməz xalqın tarixi Qələbəsi

 

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən, milli qürur və ləyaqət salnaməmizin ən möhtəşəm hadisələrindən biridir. Bu tarix yalnız hərbi Qələbənin təntənəsi deyil, həm də xalqımızın əzminin, birliyinin, Vətən sevgisinin, milli iradəsinin və dövlətimizin qüdrətinin bütün dünyaya nümayişidir. Zəfər Günü Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoyaraq xalqımızın yaddaşına əbədi həkk olunub.

Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması xalqımızın ən böyük ağrısı və milli dərdi idi. İşğalın ilk günlərindən etibarən dövlətimizin qarşısında dayanan başlıca məqsəd ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın azad edilməsi idi. Lakin bu məqsədə nail olmaq üçün yalnız siyasi iradə deyil, güclü iqtisadiyyat, qüdrətli ordu, beynəlxalq müstəvidə ardıcıl diplomatik fəaliyyət və möhkəm milli birlik tələb olunurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət məhz bu strateji hədəflərə xidmət edirdi.

Dövlət başçısının qeyd etdiyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. Bu fikirlər Azərbaycanın Zəfərə gedən yolunun mahiyyətini ifadə edir. 2003-cü ildən başlayaraq ölkəmizin bütün sahələrdə inkişafı, iqtisadi qüdrətinin artırılması, müdafiə sənayesinin formalaşdırılması və Silahlı Qüvvələrin müasirləşdirilməsi vahid məqsədə – torpaqlarımızın azad olunmasına yönəlmişdi. Hərbi xərclərin artırılması, ordunun ən müasir silah və texnika ilə təchiz edilməsi, peşəkar hərbi kadrların hazırlanması Azərbaycanın müdafiə qüdrətini əhəmiyyətli dərəcədə gücləndirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın tarixi sınaq qarşısında nümayiş etdirdiyi misilsiz həmrəyliyin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətinin təntənəsinə çevrildi. Hər gün irəliyə gedən Azərbaycan Ordusu düşmənin müdafiə xətlərini yararaq şəhər və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etdi. Dövlət başçısının “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri həmin günlərin əzəmətini və ordumuzun döyüş əzmini aydın ifadə edir.

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı xalqımızın tarixi Qələbəsinin möhtəşəm təntənəsinə çevrildi. Azərbaycan Ordusunun gücü, hərbçilərimizin şücaəti ilə əldə olunan bu Qələbə ölkəmizin regionda yeni reallıqlar yaratdığını bütün dünyaya nümayiş etdirdi. Bu, həm də şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və xalqımızın sarsılmaz iradəsinə ehtiramın ifadəsi idi.

Lakin Azərbaycanın qarşısında duran tarixi vəzifələr bununla yekunlaşmadı. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, dövlət sərhədlərimiz üzərində nəzarətin gücləndirilməsi və separatizmin aradan qaldırılması Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmini bir daha təsdiqlədi. Beləliklə, ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq tarixi ədaləti tam bərpa etdi.

Zəfərdən sonrakı mərhələdə Azərbaycan quruculuq və inkişaf dövrünə qədəm qoydu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı, yollar, tunellər, körpülər, elektrik stansiyaları, yaşayış kompleksləri, sosial və infrastruktur obyektləri inşa edildi. Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıdışı təmin olunur. Prezident İlham Əliyevin “Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” fikri bu ərazilərin gələcəyinə dair dövlət siyasətinin əsas istiqamətini ifadə edir.

Zəfərin ən böyük mənəvi dayağı olan şəhidlərimizin ailələri və müharibə iştirakçıları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin sağlamlığının bərpası, onların mənzil və avtomobillərlə təmin edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının da vurğuladığı kimi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailə üzvləri, sağlamlığını itirmiş qazilər hər zaman dövlət qayğısı ilə əhatə olunmalıdır. Bu diqqət və qayğı xalqımızın qəhrəman övladlarına olan ehtiramının, dövlətimizin sosial məsuliyyətinin bariz nümunəsidir.

Bu gün Azərbaycan əldə etdiyi tarixi Qələbəni davamlı sülhə, regional əməkdaşlığa və dayanıqlı inkişafa çevirmək istiqamətində ardıcıl siyasət yürüdür. Ermənistanla normallaşma və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmiz sülh istəyir, lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa və qarşılıqlı öhdəliklərə əsaslanmalıdır. Eyni zamanda, milli birliyin qorunması və gücləndirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və gələcək inkişafının mühüm şərtidir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, güclü dövlət, qüdrətli ordu, qətiyyətli lider və bir yumruq kimi birləşən xalq qarşısında heç bir maneə dayana bilməz. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixini dəyişdi, milli qürurumuzu bərpa etdi və gələcək nəsillərə əbədi fəxr edəcəkləri böyük bir irs bəxş etdi. Zəfərimiz şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanıldı.

Bu gün üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda əzəmətlə dalğalanması həmin mübarizənin və tarixi Qələbənin ən böyük rəmzidir. Zəfər salnaməmiz isə bundan sonra da Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz iradəsini və müstəqilliyimizin əbədiliyini nümayiş etdirəcəkdir.

 

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı