Azərbaycan Bayrağı – Milli Qürurumuzun, Dövlətçilik Ənənələrimizin və Müstəqilliyimizin Əbədi Rəmzi

Azərbaycan Bayrağı – Milli Qürurumuzun, Dövlətçilik Ənənələrimizin və Müstəqilliyimizin Əbədi Rəmzi

 

      9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlət müstəqilliyinə sədaqətini və tarixi dəyərlərinə hörmətini özündə birləşdirən əlamətdar günlərdən biridir. Bu tarix hər bir azərbaycanlı üçün xüsusi məna daşıyır. Çünki Dövlət Bayrağı sadəcə üçrəngli bir parça deyil, Azərbaycanın tarixini, milli kimliyini, azadlıq uğrunda mübarizəsini, dövlətçilik ənənələrini və gələcəyə olan inamını ifadə edən müqəddəs rəmzdir. Bayrağımıza göstərilən hörmət və ehtiram əslində dövlətimizə, xalqımıza, torpağımıza və müstəqilliyimizə olan bağlılığın təzahürüdür.

     Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu qərar xalqımızın milli dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, müstəqil Azərbaycan ideyasının rəmzinə çevrilmişdir. Həmin dövrdə Azərbaycan xalqı mürəkkəb tarixi və siyasi şəraitdə öz dövlətini qurmaq, milli kimliyini qorumaq və müstəqilliyini möhkəmləndirmək uğrunda mübarizə aparırdı. Üçrəngli bayrağın qəbul edilməsi xalqın azadlıq və suverenlik arzularının dövlət səviyyəsində ifadəsi idi.

     Azərbaycan bayrağının hər bir rəngi dərin məna daşıyır. Mavi rəng türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın əsas rəmzləri kimi milli-mənəvi dəyərlərimizin və tarixi irsimizin ayrılmaz hissəsidir. Bu rənglərin və rəmzlərin bir araya gəlməsi Azərbaycanın milli ideologiyasını, dünyagörüşünü və dövlətçilik fəlsəfəsini əks etdirir.

    Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsi dayandırılsa da, xalqımızın yaddaşında və milli düşüncəsində yaşamaqda davam etmişdir. Müstəqillik ideyası nəsildən-nəslə ötürülmüş, üçrəngli bayraq xalqımızın azadlıq arzularının simvoluna çevrilmişdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətimizin əsas rəmzlərindən biri kimi qəbul edilmişdir.

    Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. O, Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasına, milli ideologiyanın formalaşmasına və müstəqil dövlətimizin möhkəmləndirilməsinə böyük töhfələr vermişdir. Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində dövlət rəmzlərimizə hörmət dövlətçilik düşüncəsinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Onun müəyyən etdiyi siyasi kurs bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayır.

     Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlət bayrağına göstərilən diqqət və ehtiram daha da yüksəlmişdir. Dövlət başçısı dəfələrlə çıxışlarında bayrağımızın xalqımızın qürur mənbəyi olduğunu vurğulamış, onun hər bir vətəndaş üçün müqəddəs dəyər daşıdığını bildirmişdir. Dövlət bayrağının ölkəmizin müxtəlif bölgələrində, beynəlxalq tədbirlərdə və mötəbər mərasimlərdə dalğalanması Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin və beynəlxalq nüfuzunun göstəricisidir.

      Xüsusilə 44 günlük Vətən müharibəsində üçrəngli bayrağımızın mənəvi əhəmiyyəti daha aydın şəkildə özünü göstərdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Uzun illər işğal altında qalan ərazilərimizdə Azərbaycan bayrağının yenidən ucaldılması hər bir vətəndaşımız üçün böyük sevinc və qürur mənbəyi oldu.

     Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Ağdamda və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrildi. Bu mənzərə yalnız hərbi qələbənin deyil, həm də xalqımızın illərlə qoruduğu milli iradənin təntənəsi idi. Bayrağımızın doğma torpaqlarımızda yenidən ucalması tarixi ədalətin bərpasını, milli birliyimizi və dövlətimizin gücünü nümayiş etdirdi.

    Bu gün Xankəndidə və digər ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması dövlət suverenliyimizin real təcəssümüdür. Dövlətimizin bütün ərazilərində Konstitusiya quruluşunun təmin edilməsi, üçrəngli bayrağımızın hər yerdə ucaldılması müstəqilliyimizin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Azərbaycan xalqı öz bayrağını yalnız rəsmi mərasimlərdə deyil, gündəlik həyatında da qürurla yaşadır.

     9 Noyabrın əhəmiyyəti yalnız tarixi hadisənin qeyd olunması ilə məhdudlaşmır. Bu gün həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlət rəmzlərinə hörmətin aşılanması və milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir gənc Azərbaycan bayrağının tarixini, onun daşıdığı mənanı və bu bayrağın ucalması naminə xalqımızın keçdiyi çətin yolu bilməlidir. Çünki dövlət rəmzlərinə hörmət vətəndaşlıq məsuliyyətinin əsas göstəricilərindəndir.

     Bayraq xalqı birləşdirən, müxtəlif nəsilləri vahid amal ətrafında bir araya gətirən güclü mənəvi dəyərdir. İdmançılarımız beynəlxalq yarışlarda qələbə qazandıqda, diplomatlarımız ölkəmizi beynəlxalq platformalarda təmsil etdikdə, hərbçilərimiz dövlətimizin təhlükəsizliyini qoruduqda üçrəngli bayrağımız Azərbaycanın adını və nüfuzunu yüksəldir. Onun hər bir yerdə dalğalanması xalqımızın qürurunu artırır, milli həmrəyliyimizi möhkəmləndirir.

     Azərbaycan bayrağı həm də gələcəyə inamın, sülhün, sabitliyin və davamlı inkişafın rəmzidir. Bu gün ölkəmiz iqtisadi, siyasi, sosial və humanitar sahələrdə mühüm uğurlar əldə edir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Dövlət bayrağımızın dünyanın müxtəlif ölkələrində dalğalanması müstəqil Azərbaycanın beynəlxalq aləmdə qazandığı hörmətin göstəricisidir.

      Bu bayraq xalqımızın azadlıq arzusunun, mübarizə əzminin və qalib dövlət qurmaq iradəsinin ifadəsidir. Harada dalğalanmasından asılı olmayaraq, üçrəngli bayrağımız Azərbaycan adını, Azərbaycan xalqının şərəfini və müstəqilliyini təmsil edir. Bayrağımız daim yüksəklərdə dalğalansın, müstəqil Azərbaycanımızın uğurlarını və xalqımızın qürurunu bütün dünyaya nümayiş etdirsin!

 Bağırova Cəmilə

 YAP Ordubad rayon təşkilatında məsləhətçi