“Qəhrəmanlıq zirvəsi”

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında uğurla inkişaf edir: “Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası oldu. Tarixi Zəfərin əldə olunmasında xalq-lider birliyi, şəhidlərin fədakarlığı və qazilərin qəhrəmanlığı mühüm rol oynayıb. Təqdim olunan nəşrdə də məhz bu məqamlardan geniş bəhs olunur”.

Hikmət Məmmədov qeyd edib ki, Azərbaycanın möhtəşəm Zəfər yolunun hərtərəfli tədqiqi və geniş ictimaiyyətə çatdırılmasında müxtəlif kütləvi nəşrlərin, o cümlədən elmi-tədqiqat işləri, əsərlər, monoqrafiya və kitabların da mühüm rolu var. O,  “Qəhrəmanlıq zirvəsi” kitabının Azərbaycana möhtəşəm nailiyyətlər bəxş edən Heydər Əliyev ideya-siyasi xəttinin və Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunun öyrənilməsi və yeni nəslə aşılanması, müasir müstəqil və qalib Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun araşdırılması baxımından dəyərli mənbə olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi kursunun milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və müasir dövrün tələblərinə uyğun davam etdirilməsinin ölkəmizin inkişafına mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artması nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub: “2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə mütləq suverenliyin təmini Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsidir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, təqdim olunan kitab şəhidlərin müqəddəs xatirəsinə, Vətən uğrunda sağlamlığını itirən qazilərin şərəfli mübarizə yoluna ehtiramın ifadəsidir: “Belə nəşrlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, Vətənə sevgi və dövlətçilik ruhunda tərbiyə olunmasında, tarixi Zəfərimizin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyır”.

YAP Veteranlar Şurası sədrinin müavini Əli Həsənov Vətən müharibəsində əldə edilən şanlı Qələbənin əhəmiyyətindən bəhs edib. O diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi 30 illik həsrətimizə son qoydu: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun əzmi sayəsində qazanılan şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi oldu. Şəhidlər Vətənimizin şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular”.

Qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasəti və zəngin dövlətçilik irsi bu gün Azərbaycanın inkişafının əsas dayaqlarından biridir.

Kitab haqqında fikirlərini bölüşən Ə.Həsənov deyib ki, sözügedən nəşr Vətənin bütövlüyü naminə canlarını qurban verən şəhidlərimizin, eləcə də döyüşlərdə sağlamlığını itirsə də, ruh yüksəkliyini və mübarizə əzmini qoruyub saxlayan qazilərimizin şərəfli həyat yoluna həsr olunmuşdur: “Kitabda onların keçdiyi qəhrəmanlıq yolu, göstərdikləri misilsiz fədakarlıq və xalqımızın yaddaşında əbədi yaşayacaq igidlik nümunələri əksini tapır. Əsas məzmunu Vətən sevgisi, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin sarsılmaz iradəsi, xalqımızın həmrəyliyi və milli dövlətçilik dəyərlərinə sədaqət təşkil edir”.

Təqdimat mərasimində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əliqismət Bədəlov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlili, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq və Azər Novruzovun anası Lətifə Novruzova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov da çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin təcəssümü olduğu bildirilib. Qeyd olunub ki, hərb meydanında əldə edilən uğurlar diplomatik müstəvidə qazanılan nailiyyətlərlə və informasiya cəbhəsində nümayiş etdirilən üstünlüklərlə tamamlanıb. Şəhidlərin Vətən uğrunda göstərdikləri fədakarlığın gələcək nəsillər üçün örnək olduğu, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Diqqətə çatdırılıb ki, “Qəhrəmanlıq zirvəsi” kitabında şəhidlərin və qazilərin adları ehtiramla təqdim edilir, onların Vətən sevgisi, ailə dəyərləri, döyüş yolu və xalq qarşısındakı mənəvi xidmətləri oxuculara çatdırılır. Nəşrin əsas məqsədlərindən biri şəhidlərin xatirəsini yaşatmaq, qazilərin qəhrəmanlıq yolunu təbliğ etmək və milli yaddaşın qorunmasına töhfə verməkdir.

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, kitab Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə və torpaqlarımızın müdafiəsi naminə sağlamlıqlarını fəda edən qazilərin qəhrəmanlıq yoluna həsr olunub. Bu qəhrəmanlıq salnaməsinin arxasında Azərbaycanın qazandığı tarixi Zəfər, milli birlik və güclü dövlətçilik iradəsi dayanır.

Zərifə Quliyeva vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin azad olunduğunu elan etməsi Azərbaycan xalqının tarixinə əbədi həkk olunub: “Şuşanın azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərərək Azərbaycanın hərbi üstünlüyünü daha da möhkəmləndirib. Məhz bu tarixi hadisənin şərəfinə 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. 8 Noyabr yalnız milli qürur günümüz deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətimizin göstəricisidir. 44 günlük Vətən müharibəsi xalqımızın iradəsini, Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin qəhrəmanlığını və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirib. Vətənin azadlığı uğrunda canlarından keçən igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.

O, Prezident İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkərək milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin ideoloji işin əsas istiqamətləri olduğunu bildirərək Heydər Əliyev irsinin və Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin, tarixi Zəfərimizin təbliğinin, informasiya təhlükəsizliyinin və milli həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda bədii hissəsi təqdim olunub.