Hər bir xalqın varlığını, onun tarix səhnəsindəki müstəqil mövqeyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün bu rəmzlərin başında ulu babalarımızın əmanəti, azadlıq və suverenliyimizin ali simvolu olan üçrəngli Dövlət Bayrağımız dayanır. Müqəddəs bayrağımız xalqımızın keçmişini, bugünkü reallıqlarını və gələcəyə olan işıqlı ümidlərini özündə birləşdirən mənəvi bir körpüdür. Müstəqil dövlətə malik olmaq hər bir millət üçün böyük tarixi səadətdir, bu müstəqilliyi rəsmi dövlət atributları ilə dünyada təsdiq etmək isə milli qürur və şərəf məsələsidir.
Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətinin mövcudluğu onun milli bayrağı, milli gerbi və milli himni ilə ayrılmaz vəhdət təşkil edir. Bu üç atribut Azərbaycan Respublikasının suverenliyini, xalqımızın birliyini və dövlətimizin beynəlxalq hüququn tamhüquqlu subyekti olduğunu bütün dünyaya nümayiş etdirir. Müstəqil dövlətimizin bayrağı Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və dünyanın onlarca nüfuzlu beynəlxalq təşkilatlarının iqamətgahları qarşısında şərəflə dalğalanır. Azərbaycanın milli bayrağının bərpası və dövlət səviyyəsində ucaldılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı və cəsarətli siyasi fəaliyyəti ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin tarixi sessiyasında Sovet imperiyasının hələ mövcud olduğu bir şəraitdə 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq Naxçıvanın milli bayrağı kimi qəbul edildi. Bu addım təkcə regional bir qərar deyildi, bütün Azərbaycanın gələcək müstəqillik yoluna işıq tutan tarixi dönüş nöqtəsi idi. Məhz bu cəsarətli təşəbbüs sayəsində üçrəngli bayrağımız rəsmi zala gətirildi, başımızın üstünə ucaldıldı və sonradan bütöv Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsbit olundu. Heydər Əliyev milli dövlətçilik ənənələrini dirçəltməklə xalqımızın azadlıq ruhunu alovlandırdı və azərbaycançılıq məfkurəsini dövlət siyasətinin əməli bünövrəsinə çevirdi. Ümummilli Liderin uzaqgörənliklə qeyd etdiyi kimi, Azərbaycan bu gün dünya birliyində özünə layiq və nüfuzlu bir yer tutmuşdur. Bayrağımızın beynəlxalq aləmdə ucalması Azərbaycanın etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, iqtisadi və siyasi baxımdan qüdrətli bir dövlət olmasının bariz sübutudur. Bu dalğalanma hər bir azərbaycanlı vətəndaşda, xüsusən xaricdə yaşayan soydaşlarımızda dərin milli qürur və arxayınlıq hissi yaradır. Dahi Rəhbərin uzaqgörən kəlamları müasir Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ən ali təsdiqini tapdı. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu gün Azərbaycan bayrağı təkcə beynəlxalq təşkilatların qarşısında deyil, doğma Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və işğaldan azad olunmuş bütün təbii sərhədlərimiz boyunca dəbdəbə ilə dalğalanır. Ulu Öndərin arzuları real həyatda öz əksini tapmış, bayrağımız tarixi torpaqlarımızda əbədi olaraq ucaldılmışdır.
Dövlət rəmzlərinə hörmət və ehtiram hər bir məsuliyyətli Azərbaycan vətəndaşının, xüsusən də böyüməkdə olan gənc nəslin müqəddəs borcudur. Təhsil müəssisələrində, məktəblərdə və cəmiyyətin hər bir təbəqəsində gənclərimizə bayrağımızın mahiyyəti, onun hər bir rənginin mənası və dövlətçilik tariximiz aşılanmalıdır. Milli həmrəylik və azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımız müstəqilliyimizin əbədiliyini təmin edən əsas qüvvədir. Ümummilli Lider Heydər Əliyevin mirası olan bu müqəddəs dəyərləri qorumaq, bayrağımızı hər zaman uca tutmaq və dövlətimizin inkişafına töhfə vermək hər birimizin vətəndaşlıq və vicdan borcudur.
Turanə Atakişiyeva
YAP Naxçıvan şəhər təşkilatı “Hüseyn Cavid küçəsi 1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü