ABŞ, Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşün vaxtı və yeri müəyyənləşib. İşçi qrup formaatında aparılacaq danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək.
Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat yayıb. “Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli apararaq, 10-11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində danışıqlarda vasitəçi kimi çıxış edəcək”, - deyə Uitkoff yazıb.
Danışıqlar masasında hansı məsələlər müzakirə olunacaq?
ABŞ Prezidentinin Rusiya-Ukrayna müharibəsinin sonuclanmasını hədəfləyən təşəbbüslə çıxış etməsi təqdirəlayiqdir. Müharibə artıq beş ildir ki, uzanır və onun fəsadlarından bütün dünya təsirlənir. Rusiya və Ukrayna müharibədən əvvəl dünya üçün təchizatçı ölkələr olublar. Müharibə səbəbindən Avropaya Rusiyanın ucuz qazının, neft və neft məhsullarının ixracının kritik dərəcədə məhdudlaşması qoca qitəninin enerji balansına ciddi təsir göstərib. İndi Avropa İttifaqının (Aİ) ayrı-ayrı ölkələri enerji təhlükəsizliyi problemi ilə üz-üzədirlər. Təchizat tam təmin olunmur, qiymətlər artır, inflyasiya yüksəlir. Ukraynadan isə xüsusilə də taxıl, duru yağ və digər kənd təsərrüfatı məhsullarının ixracının azalması Afrikada və başqa regionlarda ərzaq qıtlığına səbəb olur. Eyni zamanda, Ukraynadan milyonlarla insanın məcburi köç etməsi Avropa ölkələri üçün əlavə təzyiqlər yaradır.
Bir sözlə, artıq müharibədən həm tərəflər, həm də bütün dünya yorulub. Belə bir vəziyyətdə Donald Trampın təşəbbüsü əsasında Abu-Dabidə Rusiya ilə Ukrayna arasında danışıqlar masasının qurulması ümid işığı kimi görünür. Burada dünyanın bir nömrəli supergüc dövlətinin vasitəçilik missiyasını öz üzərinə götürməsi danışıqlara inamı artıran cəhətdir. Qeyd edək ki, son vaxtlarda Vaşinqton Rusiya-Ukrayna müharibəsi ilə bağlı fəallığını artırıb. Əgər Bayden administrasiyası dönəmində Ağ Evdən gələn siqnallar müharibənin şiddətlənməsinə səbəb olurdusa, son bir ildə Vaşinqtonun fərqli yanaşmalarına şahidlik edirik. Xüsusilə də D.Trampın Kiyevdən Rusiyanın enerji obyektlərini hədəf almamasını istəməsi, Rusiyadan ABŞ-a enerji məhsullarının ixracına qoyulan sanksiyaları müəyyən qədər yumşaltması yeni bir vəziyyət yaradıb. Lakin əlbəttə ki, bütün bunlar hələlik müharibənin sonuclanması anlamına gəlmir.
Bəs Əbu-Dabidə hansı məsələlər müzakirə olunacaq? Uitkoffun sözlərinə görə, görüşdə əsas diqqət müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və sülh yolu ilə nizamlanma istiqamətində gələcək addımlara dair razılaşmalara ayrılacaq.
Qarşılıqlı zərbələrin intensivləşməsi masada kimin işinə yarayacaq?
Tərəflərin maksimalist mövqelərindən geri çəkilməmələri Əbu-Dabi görşündə sülh və yaxud sülhə yaxın bir razılaşmanın əldə olunacağına inamı azaldan məqamdır. Rəsmii Moskva ssenarisindən geri çəkilməyib - indiyədək nəzarətinə keçirə bilmədiyi ərazilərin Rusiyanın yurisdiksiyasına qatılmasını, NATO-nun Şərqə doğru genişlənməsinin dayandırılmasını, hətta Şimali Atlantika blokunun sərhədlərinin keçmiş SSRİ dövründəki vəziyyətə qaytarılmasını istəyir. Ukraynanın NATO-ya qoşulmaması da Kremlin fundamental tələbləri sırasında yer alır.
Kiyevin şərtləri də dəyişməz qalır. V.Zelenski israrla bildirir ki, Ukrayna ərazi itkiləri hesabına əldə olunacaq sülh istəmir. Ukrayna Prezidenti həmçinin D.Trampın “enerji atəşkəsi” çağırışına cavab olaraq bildirib ki, Kiyev buna hazırdır, ancaq bir şərtlə ki, Moskva da onun ölkəsində enerji infrastrukturuna zərbələr endirməyi dayandırmalıdır.
Əbu-Dabi görüşü ərəfəsində həmçinin tərəflərin qarşılıqlı zərbələrin intensivliyini artırdıqları müşahidə olunur. Qısa fasilədən sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyadakı neft emalı müəssisələrinə hücumları yenidən başlayıb. Son olaraq üç neft emalı zavodu (NEZ) və bir qaz-kimya kompleksi hücuma məruz qalıb. Hücum kompleks xarakter daşıyıb. Hazır məhsul anbarında yanğın baş verdiyi təsdiqlənib. Bundan əlavə, müəssisənin dörd istehsalat sexinə ziyan dəyib. Qeyd edək ki, “Kamenski” kombinatında “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəşi sistemlərinin döyüş sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal olunur.
Bundan başqa, Donetsk vilayətinin Xartsızsk və Dokucayevsk rayonlarında, Zaporojye vilayətinin Novovasilovka, Luqansk vilayətinin isə Novoaydar yaşayış məntəqələri yaxınlığında Rusiya ordusuna məxsus dörd maddi-texniki təchizat anbarı da vurulub.
Öz növbəsində Rusiya da zərbələrin sayını artırıb. Bu günlərdə Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Ukrayna Prezidentinin sözlərinə görə, ilk aviazərbədən sonra Rusiya qoşunları insanların olduğu sığınacağa daha doqquz aviabomba atıb. Zərbələr nəticəsində idman zalı və təsərrüfat tikilisi dağılıb, məktəb binasına ziyan dəyib, yanğınsöndürmə-xilasetmə avtomobili məhv edilib.
Yeri gəlmişkən, Latviya Ukraynaya ən azı 26 nəfərin ölümü ilə nəticələnən son Rusiya zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Latviya Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Kamışevaxadakı humanitar yardım paylanma məntəqəsinə Rusiya hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb”, - deyə B.Braje bildirib.
Təbii ki, tərəflər qarşılıqlı zərbələrin intensivliyini artırmaqla danışıqlar masasında müəyyən üstünlük qazanmaq istəyirlər. Lakin bunun indiki vəziyyətdə uğurlu bir gediş olduğunu düşünmək sadəlövhlük olardı.
Avropa İttifaqı kənarda qalmaq istəmir - Moskvadan gələn kəskin etiraz
Əbu-Dabi görüşünün Avropa İttifaqı təmsilçilərinin iştirakı olmadan keçirilməsinin nəzərdə tutulması diqqətdən kənarda qala bilməz. Xatırladaq ki, D.Tramp Ağ Evdə fəaliyyətə başlayarkən Rusiya-Ukrayna müharibəsinin onun müharibəsi olmadığını bildirmişdi. Sonrakı mərhələdə isə Vaşinqton Ukraynaya birbaşa silah tədarükünü dayandırdı və burada yeni mexanizmin tətbiqinə başlanıldı. Belə ki, yeni qaydalara əsasən ABŞ silahları Aİ-yə satır, sonuncu isə bu silahları Ukraynaya ötürür.
Ağ Evin indiki administrasiyasından fərqli olaraq, Aİ Rusiya-Ukrayna müharibəsini öz müharibəsi sayır. Brüssel o qənaətdədir ki, Ukraynada həm də böyük Avropanın gələcək təhlükəsizliyi məsələsi həll olunur. Ukraynada uduzmaq Avropada uduzmaq deməkdir. Buna görə də Aİ üzləşdiyi çətinliklərə baxmayaraq, Rusiyanın ixracına tətbiq etdiyi sanksiyaları daha da sər?ləşdirmək mesajları verir. Həmçinin Brüssel Ukraynaya silah tədarükünün və digər dəstək tədbirlərinin daha da gücləndiriləcəyini bildirir.
Aİ həmçinin müharibənin sonuclanması ilə bağlı qurulan masalarda öz təmsilçilərinin də yer almasında israrlıdır. Zelenski də aparılan danışıqlarda Aİ-nin iştirakını zəruri sayır. Lakin Brüsselin və Kiyevin bu istəyi Moskvada etirazla qarşılanır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov rəsmən bəyan edib ki, ABŞ və Ukrayna ilə keçiriləcək növbəti üçtərəfli danışıqlarda Avropa ölkələri iştirak etməyəcək.
Bütün bu ziddiyyətli məqamlar fonunda “Əbu-Dabidə sülh əldə olunacaqmı” sualı ritorik səslənir. Lakin Əbu-Dabi görüşü sülhə gedən yolda daha bir addım sayıla bilər.
Mübariz FEYİZLİ