Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulması və milli maraqların təmin edilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanan Birgə Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasını rəsmiləşdirdi. Sənəd 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin davamı olaraq yeni əməkdaşlıq mərhələsinin əsaslarını müəyyənləşdirir.
Bəyannamənin əsas xüsusiyyətlərindən biri əməkdaşlığın üç mühüm istiqamət – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, təhsil və innovasiya üzrə qurulmasıdır. Bu istiqamətlər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olaraq siyasi dialoqun dərinləşdirilməsini, iqtisadi əlaqələrin şaxələndirilməsini və müasir texnologiyalar sahəsində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı regional sabitlik və beynəlxalq təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəddə müdafiə sahəsində təlim, təcrübə mübadiləsi, institusional potensialın gücləndirilməsi, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması, hüquq-mühafizə və sərhəd idarəçiliyi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İqtisadi əməkdaşlıq isə Bəyannamənin əsas prioritetlərindən biridir. Tərəflər ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, infrastruktur və xidmət sektorunda tərəfdaşlığın genişləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər. Xüsusilə Orta Dəhlizin inkişafına verilən diqqət Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki rolunun daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda yaşıl enerji, yaşıl maliyyələşmə və aşağı karbon texnologiyaları üzrə əməkdaşlıq gələcək iqtisadi inkişafın mühüm istiqamətləri kimi müəyyənləşdirilib.
Sənəddə təhsil, elm, tədqiqat və innovasiya sahələrinə də geniş yer ayrılıb. Ali təhsil, peşə təhsili, rəqəmsal bacarıqlar, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulur. Bu istiqamətlər insan kapitalının gücləndirilməsi, müasir bilik və texnologiyaların tətbiqi, eləcə də gənclərin yeni çağırışlara uyğun hazırlanması baxımından mühüm perspektivlər açır.
Bəyannamədə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələləri də təsbit olunub. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Sammiti Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət qarşılanır və Böyük Britaniya davamlı sülhə nail olunması üçün ikitərəfli dialoqa dəstəyini ifadə edir.
Birgə Bəyannamənin mühüm müddəalarından biri də strateji tərəfdaşlıq çərçivəsində hər il görüşlərin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu görüşlər əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və razılaşdırılmış təşəbbüslərin praktiki icrasının izlənilməsi baxımından mühüm mexanizm olacaq.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlətin münasibətlərinin institusional əsaslarını genişləndirən, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirən mühüm sənəddir. Bu sənəd Azərbaycanın çoxşaxəli xarici siyasətinin, beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və milli maraqlara əsaslanan əməkdaşlıq modelinin növbəti nümunəsidir. Qarşılıqlı öhdəliklərin konkret layihələrlə həyata keçirilməsi isə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafına töhfə verəcəkdir.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilatının məsləhətçisi