Ağdam – qədim tariximizin, milli kimliyimizin və yenidən dirçəlişimizin ünvanı

Ağdam – qədim tariximizin, milli kimliyimizin və yenidən dirçəlişimizin ünvanı

 

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Ağdam öz tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi və milli yaddaşımızda tutduğu xüsusi yeri ilə seçilir. Qarabağın mərkəzində yerləşən bu şəhər əsrlər boyu Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Ağdam yalnız coğrafi məkan deyil, həm də xalqımızın tarixi keçmişini, mənəvi dəyərlərini, quruculuq ənənələrini və doğma torpağa bağlılığını özündə birləşdirən mühüm ünvanlardan biridir.

Hər il noyabrın 20-də qeyd olunan Ağdam şəhəri günü bu qədim yurdun tarixini xatırlamaq, onun keçdiyi mürəkkəb yolu dəyərləndirmək və gələcək inkişaf perspektivlərini diqqətə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam şəhəri günü kimi təsis edilib. Bu tarix 2020-ci ildə Ağdamın işğaldan azad olunması ilə bağlıdır.

Ağdam adının etimologiyası da şəhərin tarixi və mədəni keçmişi ilə bağlı maraqlı məqamları özündə ehtiva edir. Toponimin mənşəyi ilə bağlı müxtəlif izahlar mövcuddur. Geniş yayılmış izahlardan birinə görə, “Ağdam” sözü qədim türk dillərində “kiçik qala” mənasını ifadə edir. Digər izah isə Qarabağ xanı Pənahəli xanın XVIII əsrdə burada ağ daşdan imarət tikdirməsi ilə əlaqələndirilir. Həmin tikili ətraf əhali üçün uzaqdan görünən bir nişanəyə çevrilmiş, “ağ ev”, “işıqlı məkan” mənası ilə də izah edilmişdir. Bu yanaşmalar Ağdam adının tarixi yaddaşda necə möhkəmləndiyini göstərir.

Ağdamın qədim yaşayış məskəni olması arxeoloji tədqiqatlarla da təsdiqlənir. Rayon ərazisində aşkar edilmiş maddi-mədəniyyət nümunələri burada qədim dövrlərdən insanların yaşadığını, əkinçilik və maldarlıqla məşğul olduğunu göstərir. Üzərriktəpə ərazisində aparılan arxeoloji araşdırmalar bölgənin qədim şəhər mədəniyyətinə malik olduğunu ortaya qoyur. Bu faktlar Ağdamın yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyətini artırır.

Ağdam uzun illər ərzində inkişaf etmiş iqtisadiyyatı, kənd təsərrüfatı, sənaye müəssisələri, təhsil və mədəniyyət ocaqları ilə tanınıb. Burada formalaşmış həyat tərzi, insanların zəhmətsevərliyi və torpağa bağlılığı şəhərin özünəməxsus simasını yaradıb. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam uzun müddət işğal altında qalıb, şəhərin böyük hissəsi dağıdılıb, sakinləri doğma yurdlarından didərgin düşüblər. Bu hadisələr təkcə yaşayış məntəqələrinə deyil, xalqımızın tarixi-mədəni irsinə də ciddi zərbə vurub.

2020-ci il noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması şəhərin tarixində yeni mərhələnin başlanğıcı oldu. Vətən müharibəsində qazanılan Qələbə və 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq rayonun işğal altında qalmış əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan ağdamlılar üçün yeni ümidlər yarandı.

Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin tarixi simasının müasir inkişaf tələbləri ilə uzlaşdırılmasına xidmət edir. Yeni yaşayış binaları, yollar, sosial obyektlər və istehsal müəssisələri inşa olunur. Şəhərin tarixi məkanlarının qorunması və yenidən canlandırılması da diqqət mərkəzində saxlanılır.

Ağdamın dirçəlişi həm də milli-mənəvi yaddaşımızın bərpasıdır. Çünki bu şəhərin hər küçəsi, hər kəndi, hər tarixi abidəsi xalqımızın keçmişindən xəbər verir. Ağdamın yenidən qurulması onun yalnız fiziki görünüşünün dəyişməsi deyil, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların həyatının bərpasıdır.

20 Noyabr – Ağdam şəhəri günü hər bir azərbaycanlı üçün tarixi yaddaş, qürur və gələcəyə inam günüdür. Bu gün biz Ağdamın qədim tarixini ehtiramla yad edir, onun müasir inkişafını və doğma sakinlərinin qayıdışını böyük əhəmiyyət daşıyan proses kimi qiymətləndiririk. Ağdam öz tarixi köklərinə bağlı qalaraq müasir Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilmək yolunda irəliləyir.

 

Hüseyn Süleymanov

YAP Kəngərli rayon rəşkilatının sədr müavini