Ağdam Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli yaddaşını yaşadan Qarabağ şəhərlərindən biridir. Bir zamanlar abadlığı, gözəlliyi və qaynar həyatı ilə seçilən Ağdam Ermənistanın işğalı dövründə görünməmiş dağıntılara məruz qalıb. Şəhərin tarixi abidələri, yaşayış evləri və infrastrukturu məhv edilib, Ağdam erməni vandalizminin acı şahidinə çevrilib.
“Ağdam” adı “ağ” və “dam” sözlərinin birləşməsi kimi izah olunur, “işıqlı ev”, “ağ bina” mənasını ifadə edir. Bu gün həmin ad həm də şəhərin yenidən işığa, həyata və doğma sakinlərinə qovuşmasının rəmzidir.
2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Ağdamın taleyində yeni səhifə açdı. 20 noyabr 2020-ci ildə rayonun işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisə oldu. Bu şanlı qələbənin əbədiləşdirilməsi məqsədilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Medal şəhərin azadlığı uğrunda mübarizə aparan qəhrəman hərbçilərimizin rəşadətinin və Vətənə sədaqətinin təcəssümünə çevrildi.
Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri, yollar, sosial və iqtisadi infrastruktur yaradılır.
Dövlət başçısının 4 oktyabr 2022-ci il tarixli Ağdam səfəri quruculuq prosesində mühüm mərhələ oldu. Həmin gün Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin, Atçılıq Nəsilartırma Mərkəzinin və yeni yaşayış məhəlləsinin təməli qoyuldu. Pənahəli xanın sarayı və İmarət Kompleksində görülən işlərlə tanışlıq keçirildi, Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu.
28 may 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməli qoyuldu. Bununla da Ağdamın kəndlərinin bərpası prosesi daha da genişləndi.
10 may 2025-ci il isə Ağdamın dirçəliş tarixində əlamətdar günlərdən biri kimi yadda qaldı. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verildi, Kəngərli kəndinin birinci mərhələsinin açılışı keçirildi. Kənddə inzibati bina, klub-icma mərkəzi, tam orta məktəb və körpələr evi-uşaq bağçası sakinlərin istifadəsinə verildi. Doğma yurda qayıdan ailələrə yeni evlərin açarları təqdim olundu. Həmin gün Ağdam Muğam Mərkəzinin açılışı da şəhərin mədəni həyatında mühüm hadisəyə çevrildi.
14 iyul 2026-cı ildə Azərbaycan və Slovakiya prezidentlərinin Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan işlərlə tanışlığı bölgədə həyata keçirilən quruculuq layihələrinin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirdi.
Hazırda Ağdamda məskunlaşma prosesi davam edir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdaraq yeni həyata başlayırlar. Bununla yanaşı, şəhərin iqtisadi potensialının gücləndirilməsi, sənaye və turizm infrastrukturunun yaradılması istiqamətində də mühüm addımlar atılır. Tarixi-mədəni irsin qorunması, İmarət Kompleksinin bərpası, müasir mehmanxana və xidmət obyektlərinin yaradılması Ağdamın gələcəkdə mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azadlığının deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və tarixi Zəfərinin təntənəsidir. Dünən xarabalıqları ilə düşmən vandalizminin simvoluna çevrilən Ağdam bu gün quruculuğun, dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. Ağdam yenidən qurulur, doğma sakinlərinə qovuşur və gələcəyə inamla addımlayır. Bu, Azərbaycanın Zəfər tarixinin ən parlaq səhifələrindən biridir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı