Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi müstəqil Azərbaycan dövlətinin inkişaf tarixini, xalqımızın siyasi iradəsini və milli birliyini özündə əks etdirən əlamətdar hadisədir. Bu tarixə nəzər salarkən aydın görürük ki, partiyanın yaradılması ölkəmizin taleyində həlledici rol oynayan siyasi proseslərin başlanğıcı olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxaraq Azərbaycanın ən böyük və nüfuzlu siyasi təşkilatına çevrilmişdir.
Partiyanın yaradılması obyektiv zərurətdən irəli gəlirdi. Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi xalqı çıxış yolu axtarmağa vadar edirdi. Ölkənin gələcəyinə biganə qalmayan ziyalılar və vətənpərvər insanlar Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.
YAP-ın yaranması Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə olan inamının, güclü dövlət və sabit gələcək arzusunun siyasi ifadəsi idi. Ulu Öndər qısa müddətdə xalqın etimadını doğruldaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi, dövlət institutlarının möhkəmləndirilməsini, iqtisadi inkişafın və beynəlxalq nüfuzun yüksəlməsini təmin etdi.
Bu gün YAP-ın xalqın partiyası kimi səciyyələndirilməsi onun keçdiyi tarixi yolun məntiqi nəticəsidir. Partiyanın sıralarında müxtəlif peşə və yaş qruplarını təmsil edən vətəndaşların birləşməsi onun ümumxalq xarakterini nümayiş etdirir.Hazırda partiyanın üzvlərinin sayı 800 minə yaxınlaşır. Bu göstərici YAP-a olan ictimai etimadın mühüm ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsinə qədəm qoymuş, Ulu Öndərin siyasi irsini müasir dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Dövlət başçısının VIII Qurultaydakı “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu siyasi varisliyin mahiyyətini aydın ifadə edir. Bu xəttin əsasında güclü dövlətçilik, milli maraqların qorunması, müstəqil siyasət, xalq-iqtidar birliyi və davamlı inkişaf dayanır.
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər YAP-ın siyasi fəaliyyətində də yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına yol açdı. 2023-cü il sentyabrın 20-də suverenliyimizin bütün ölkə ərazisində tam bərpası isə dövlətçilik tariximizin möhtəşəm hadisəsinə çevrildi.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında vurğuladığı kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu fikir Azərbaycanın keçdiyi tarixi yolun və qazandığı nailiyyətlərin siyasi mahiyyətini ifadə edir.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti bir daha sübut edir ki, xalqın etimadına əsaslanan siyasi qüvvə zamanın çağırışlarına uyğun yenilənməyi bacardıqda öz mövqeyini daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə YAP Azərbaycanın siyasi həyatında aparıcı rolunu davam etdirir.
34 illik şərəfli yol, tarixi nailiyyətlər və qarşıya qoyulan yeni hədəflər Yeni Azərbaycan Partiyasının gələcəyə inamla addımladığını təsdiqləyir. Bu, dünənin siyasi irsinə sədaqət, bu günün məsuliyyəti və sabahın uğurlarına inam deməkdir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri