Azərbaycan xalqının tarixində elə şəhərlər var ki, onların taleyi bütöv bir xalqın taleyi ilə qırılmaz şəkildə bağlıdır. Qarabağın qədim və dilbər guşələrindən biri olan Ağdam da məhz belə şəhərlərdəndir. Öz zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri, qəhrəmanlıq salnaməsi və vətənpərvər insanları ilə Azərbaycanın yaddaşında xüsusi yer tutan Ağdam bu gün xalqımızın milli iradəsinin, mübarizəsinin və yenilməz ruhunun rəmzinə çevrilib. Bu şəhərin adı çəkiləndə göz önündə yalnız bir yaşayış məntəqəsi deyil, həm də ağrılı tarix, sarsılmaz mübarizə, böyük Zəfər və ümidlə gözlənilən qayıdış canlanır.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqı üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix Ağdamın işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, xalqımızın torpaq həsrətinin sona çatması istiqamətində atılan mühüm addımı təcəssüm etdirir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində ağır dağıntılara və talana məruz qaldı. Vaxtilə Qarabağın ən abad, inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrildi. Evlər, məktəblər, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdıldı, minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Ağdamın faciəsi təkcə bir şəhərin deyil, bütöv bir xalqın faciəsi idi.
Lakin bütün bu ağrılara, çətinliklərə və uzun illər davam edən həsrətə baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər. Onlar yaşadıqları hər yerdə Ağdam sevgisini, yurd nisgilini, milli kimliklərini və qayıdış ümidini qoruyub saxladılar. Bu inam xalqımızın mübarizə əzmini daha da gücləndirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi dönüş nöqtəsi oldu. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımızın işğalına son qoyulması istiqamətində mühüm nailiyyətlər əldə edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı.
Beləliklə, 27 illik işğaldan sonra Ağdam yenidən öz sahibinə qovuşdu. Bu hadisə Azərbaycanın hərbi-siyasi qüdrətinin, xalq-ordu birliyinin və milli iradəsinin parlaq təzahürü kimi tarixə düşdü. Ağdamın azad olunması güllə atılmadan əldə edilən mühüm siyasi nəticə olmaqla yanaşı, Vətən müharibəsində qazanılmış böyük Zəfərin mühüm tərkib hissəsi idi.
Ağdamın azad edilməsi ilə yalnız torpaqlarımızın bir hissəsi geri qaytarılmadı, həm də illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanların qəlbində yeni ümidlər doğdu. Bu gün 20 Noyabr təkcə təqvimdə qeyd olunan bir tarix deyil, həm də qürur, minnətdarlıq, tarixi ədalət və milli həmrəylik günüdür.
Ağdamın hər qarışı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın əzmi ilə bağlıdır. Bu torpağın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi daim ehtiramla anılır. Onların müqəddəs amalını yaşatmaq, azad edilmiş əraziləri yenidən qurmaq və gələcək nəsillərə firavan yurd kimi ötürmək hər birimizin mənəvi borcudur.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə müəyyən etdiyi strateji inkişaf siyasətinin bariz nümunəsidir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində şəhərin yeni Baş Planı əsasında müasir infrastrukturun yaradılması, yaşayış binalarının, sosial obyektlərin, yolların və digər mühüm layihələrin inşası sürətlə davam etdirilir.
Ağdamın gələcək inkişafı yalnız dağıdılmış şəhərin yenidən qurulması ilə məhdudlaşmır. Məqsəd burada müasir şəhərsalma prinsiplərinə uyğun, innovativ texnologiyaların tətbiq olunduğu, ekoloji cəhətdən təmiz, dayanıqlı və rahat yaşayış mühitinin formalaşdırılmasıdır. Yeni Ağdam həm də iqtisadi potensialı, sənaye imkanları, kənd təsərrüfatı və logistika infrastrukturu ilə Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.
Ağdam Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye Parkı yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yerli və xarici investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və regionun iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm platformadır. Bütün bunlar Ağdamın yalnız yaşayış məkanı kimi deyil, həm də iqtisadi inkişafın aparıcı mərkəzlərindən biri kimi formalaşmasına xidmət edir.
Şəhərin nəqliyyat və kommunal infrastrukturu da yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu və avtovağzal kompleksi, elektrik enerjisi, su təchizatı və digər infrastruktur layihələri bölgənin inkişafına mühüm töhfə verir. Tarixi İmarət Kompleksinin bərpası isə Ağdamın zəngin keçmişinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bütün bu işlərin əsas məqsədlərindən biri doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını təmin etməkdir. Böyük Qayıdış proqramı çərçivəsində Ağdamda yaşayış məhəllələri, sosial infrastruktur obyektləri yaradılır, kəndlər yenidən qurulur, insanların məşğulluğunun təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə tarixi hadisə oldu. Uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanlar yenidən öz yurdlarında məskunlaşmaq imkanı qazandılar. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində aparılan quruculuq işləri və sakinlərin doğma evlərinə dönüşü Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.
Bu gün Ağdamda ucalan hər yeni bina, salınan hər küçə, istifadəyə verilən hər sosial obyekt xalqımızın qələbə əzminin və quruculuq iradəsinin ifadəsidir. Vaxtilə dağıntıları ilə dünyanın diqqətini çəkən Ağdam indi öz dirçəlişi, müasir inkişafı və yenidən canlanan həyatı ilə diqqət mərkəzindədir.
Ağdam yalnız coğrafi ərazi və inzibati mərkəz deyil. Bu şəhər Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm daşıyıcılarından biridir. XVIII əsrdə əsası qoyulan şəhər əsrlər boyu Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Pənah xanın imarəti, Pənah xanın və Xanoğlunun türbələri, qədim qəbiristanlıqlar və digər tarixi abidələr Ağdamın zəngin keçmişindən xəbər verir.
Ağdamın adı həm də Qarabağ mədəniyyəti, milli musiqi, sənətkarlıq və ədəbiyyatla sıx bağlıdır. Bu torpaq Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib. Ağdamın məşhur çörəyi, qonaqpərvər insanları, zəhmətkeş əhalisi, özünəməxsus adət-ənənələri şəhərin mənəvi kimliyini formalaşdıran əsas xüsusiyyətlərdəndir.
İşğal illərində tarixi-mədəni abidələrin dağıdılması xalqımızın mədəni irsinə vurulmuş ağır zərbə idi. Buna görə də bu gün həmin abidələrin bərpası, tarixi yaddaşın qorunması və mədəni həyatın yenidən canlandırılması dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Ağdamın tarixi simasının qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması gələcək nəsillərə həm qədim, həm də müasir Ağdamı bəxş edəcək.
20 Noyabr – Ağdam Şəhəri Günü bizə bir daha xatırladır ki, xalqın öz torpağına bağlılığı, milli birliyi və mübarizə əzmi heç bir qüvvə ilə sarsıdıla bilməz. Uzun illər davam edən işğal, dağıntılar və məhrumiyyətlər Ağdamın ruhunu öldürə bilmədi. Əksinə, bu şəhər Azərbaycanın yenilməzliyinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində bu gün Azərbaycan bayrağı Ağdam səmasında qürurla dalğalanır.
Ağdamın yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıtması, şəhərin iqtisadi və mədəni həyatının bərpası tarixi missiyanın davamıdır. Bu missiyanın uğurla həyata keçirilməsi yalnız dövlətin deyil, bütün cəmiyyətin, xüsusilə də gənc nəslin üzərinə mühüm məsuliyyət qoyur. Biz Ağdamın tarixini öyrənməli, milli-mənəvi dəyərlərimizi qorumalı, bu torpağın azadlığı uğrunda mübarizə aparmış qəhrəmanların xatirəsini yaşatmalıyıq.
Əminliklə demək olar ki, Ağdam öz əvvəlki şöhrətini daha müasir, daha abad və daha möhtəşəm şəkildə bərpa etməkdədir. Onun küçələrində yenidən uşaqların səsi eşidilir, məktəblərində elmə və biliyə can atan gənclər yetişir, parklarında həyat canlanır, müəssisələrində istehsal imkanları genişlənir.
20 Noyabr – Ağdam Şəhəri Günü həm keçmişimizə ehtiram, həm bu günümüzə qürur, həm də gələcəyimizə inam günüdür. Bu tarix bir daha sübut edir ki, doğma yurda sevgi zaman və məsafə tanımır. Ağdam yenidən qurulur, Ağdam dirçəlir, Ağdam öz sakinlərinə qovuşur!
Yaşasın azad Ağdam! Yaşasın müstəqil Azərbaycan!
20 Noyabr – Ağdam Şəhəri Günümüz mübarək!
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı