Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Sabunçu rayonunda Novruz bayramı şənliyi keçirilib. Şənlikdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov və partiyanın fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Novruz bayramının tarixi, qədim adət-ənənələrimiz haqqında bəhs edərək, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu öndər Heydər Əliyevin bu bayrama verdiyi xüsusi önəmdən danışıblar. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ zamanında bu bayrama xüsusi önəm verib. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Novruz bayramı daha böyük vüsət alaraq, xalqımız tərəfindən sevinclə qeyd olunmağa başlayıb. Qeyd edilib ki, Prezident İlham Əliyev Novruz bayramının xalqımızın ən əziz bayramı olduğunu vurğulayıb.
Çıxış edənlər Novruz bayramı münasibətilə xalqımızı, o cümlədən gəncləri təbrik ediblər. Daha sonra şənlikdə bayram tonqalı yandırılıb, gənclər milli musiqilərimizin sədası altında rəqs ediblər.