Şuşa – dağlar qoynunda ucalan qəhrəmanlıq abidəsi

Şuşa – dağlar qoynunda ucalan qəhrəmanlıq abidəsi

 

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağın tacı olan Şuşa təkcə təbii gözəllikləri, zəngin tarixi və mədəni irsi ilə deyil, həm də qəhrəmanlıq salnaməsi ilə seçilən müqəddəs şəhərimizdir. Uca dağların qoynunda, sıldırım qayalar üzərində yerləşən bu qədim şəhər xalqımızın milli qürurunun, azadlıq eşqinin və yenilməz iradəsinin rəmzidir.

   Şuşa əsrlər boyu Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni həyatında mühüm rol oynamışdır. Bu şəhər dahi şəxsiyyətlər, görkəmli şairlər, musiqiçilər və sənətkarlar yetişdirmişdir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül kimi böyük şəxsiyyətlərin adı Şuşanın şöhrətini bütün dünyaya yaymışdır. Təsadüfi deyil ki, Şuşa Azərbaycanın musiqi beşiyi, Qarabağın mədəniyyət mərkəzi adlandırılır.

   Lakin Şuşanın tarixi yalnız mədəniyyət və incəsənətlə məhdudlaşmır. Bu şəhər həm də xalqımızın mübarizə və qəhrəmanlıq tarixinin canlı şahididir. 1992-ci il mayın 8-də Şuşanın işğal olunması Azərbaycan xalqının yaddaşında ağır bir faciə kimi qaldı. Doğma yurdlarından didərgin düşən şuşalılar illərlə öz el-obalarına qayıdacaqları günü gözlədilər. Azərbaycan xalqı isə bu həsrətin sona çatacağına inamını heç vaxt itirmədi.

   2020-ci il noyabrın 8-də bu arzu gerçəkləşdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və misilsiz şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Çətin dağlıq relyefdə, sıldırım qayalar arasında aparılan döyüşlərdə Azərbaycan əsgərləri böyük igidlik göstərdilər. Şuşa əməliyyatı hərb tariximizin ən yaddaqalan səhifələrindən birinə çevrildi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi xəbəri elan etdi. Prezidentin sözləri hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı:

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Dövlət başçısının müraciətində səsləndirdiyi digər sözlər isə tariximizin unudulmaz ifadələrinə çevrildi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bu sözlər yalnız bir şəhərin azad olunması haqqında müjdə deyil, həm də 28 il yarımlıq həsrətin, nisgilin və gözləntinin sona çatmasının ifadəsi idi.

   Prezident İlham Əliyev çıxışında ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən keçirdiyi hisslərdən də danışaraq belə demişdi: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”

    Bu fikirlərdə ata vəsiyyətinə sədaqət, xalqın arzusuna bağlılıq və tarixi məsuliyyət duyğusu öz əksini tapır. Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni bir səhifə açdı. 8 Noyabr – Zəfər Günü kimi tariximizə yazıldı.

     Şuşanın azad olunması Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və Vətən sevgisinin təntənəsi idi. Bu Qələbə uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və ön cəbhədə döyüşən igidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Şuşanın hər qayası, hər cığırı, hər daşı sanki bu igidlərin şücaətindən xəbər verir.

    Bu gün Şuşada həyat yenidən canlanır. Tarixi abidələr bərpa olunur, yollar salınır, yeni binalar tikilir, mədəniyyət tədbirləri keçirilir. Xarıbülbül Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin yenidən Şuşada təşkil edilməsi şəhərin öz əvvəlki mədəni şöhrətinə qovuşmasının göstəricisidir.

   Şuşa həm də gələcək nəsillər üçün böyük vətənpərvərlik məktəbidir. Bu şəhərin tarixi bizə Vətəni sevməyi, qorumağı, onun uğrunda mübarizə aparmağı öyrədir. Biz Şuşanın qəhrəmanlıq tarixini yaşatmalı, bu torpaq uğrunda canından keçənlərin xatirəsini daim uca tutmalıyıq.

   Şuşa dağlar qoynunda ucalan sadəcə bir şəhər deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur və azadlıq abidəsidir. Onun azadlığı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Şuşa keçmişimizin qüruru, bu günümüzün Zəfəri, gələcəyimizin əbədi ümididir.

Şuşanın dağlarından əsən hər meh, qayalarına düşən hər günəş şüası bizə bir həqiqəti xatırladır: bu torpağın hər qarışı Vətən sevgisi ilə əzizdir.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı