Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının tarixində ən şanlı və unudulmaz günlərdən biridir. Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi olan Şuşanın azad edilməsi xalqımızın uzun illər qəlbində yaşatdığı arzunun gerçəkləşməsi, tarixi ədalətin bərpası və milli iradəmizin təntənəsi oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı sayəsində qədim şəhərimiz işğaldan azad edildi. Bu hadisə 44 günlük Vətən müharibəsinin həlledici mərhələsinə çevrilməklə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Şuşanın azadlığı yalnız hərbi uğur deyil, həm də xalqımızın öz tarixinə, torpağına və milli-mənəvi dəyərlərinə bağlılığının parlaq ifadəsi idi. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin misilsiz şücaətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Mürəkkəb dağlıq relyef, çətin hava şəraiti və düşmənin müdafiə mövqeləri hərbi əməliyyatları son dərəcə mürəkkəbləşdirsə də, igid döyüşçülərimiz böyük əzmkarlıqla qarşıya qoyulan məqsədə nail oldular. Xüsusi təyinatlı qüvvələrimizin nümayəndələri şəhərə çətin keçilən istiqamətlərdən daxil olaraq əlbəyaxa döyüşlərdə düşmənin müdafiəsini yarmağa müvəffəq oldular. Bu qəhrəmanlıq Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, hərbi hazırlığının və sarsılmaz iradəsinin göstəricisi idi. Şuşanın azadlığı yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Vətən uğrunda sağlamlığını itirən qazilərimizin və döyüşlərdə iştirak edən hər bir hərbçimizin fədakarlığı isə bu tarixi Qələbənin ayrılmaz hissəsidir. Şuşada dalğalanan üçrəngli bayrağımız onların qəhrəmanlığının, şəhidlərimizin müqəddəs amalının və Azərbaycan xalqının mübarizə əzminin rəmzidir.
Bu tarixi qələbənin əldə olunmasında Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Müzəffər Ali Baş Komandan kimi fəaliyyəti mühüm rol oynadı. Uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi Vətən müharibəsində əldə olunan uğurların əsasını təşkil etdi. Müharibə dövründə Cənab Prezident Azərbaycanın haqq mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı, diplomatik və informasiya mübarizəsini ardıcıl şəkildə davam etdirdi. Onun noyabrın 8-də xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etməsi xalqımızın yaddaşına əbədi həkk olundu. Bu xəbər uzun illərin həsrətinə son qoyaraq milyonlarla azərbaycanlıya böyük sevinc və qürur yaşatdı. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.
8 Noyabr – Şuşa şəhəri günü xalqımız üçün həm böyük qürur, həm də şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiram günüdür. Bu tarix Azərbaycan Ordusunun gücünü, döyüşçülərimizin qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin qətiyyətini təcəssüm etdirir. Şuşanın azadlığı ilə Azərbaycan xalqı öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxdığını bütün dünyaya nümayiş etdirdi. Bu gün şəhərin hər guşəsində dalğalanan üçrəngli bayrağımız müstəqilliyimizin, suverenliyimizin və əbədi qayıdışımızın rəmzidir. Şuşa bundan sonra da Azərbaycan xalqının milli qürurunun, qəhrəmanlıq salnaməsinin və tarixi zəfərinin əbədi ünvanı olacaqdır.