YAP Tərtər rayon təşkilatına daxil olan Sarıcalı, Qaz İstismar İdarəsi və Rayon Elektrik Şəbəkəsi ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, sədr müavini Azər Ağayev, ərazi partiya təşkilatlarının sədrləri və üzvləri iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində partiyanın qarşısında duran vəzifələr, Azərbaycanın gələcək inkişaf perspektivləri, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi məsələləri xüsusi yer tutub. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına zəmin yaradıb.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, VIII Qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi partiyanın fəaliyyətinin daha da gücləndirilməsini, üzvlərin ictimai-siyasi fəallığının artırılmasını və dövlət siyasətinin əsas istiqamətlərinin geniş təbliğini tələb edir. O, partiya üzvlərinin ölkədə əldə olunan nailiyyətlərin qorunması, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın inkişaf strategiyasının dəstəklənməsi istiqamətində üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmələrinin vacibliyini vurğulayıb.
Eldar Əsədov çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətinə, suverenliyin möhkəmləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və Böyük Qayıdış prosesinə də toxunub. Qeyd edib ki, ölkəmizin iqtisadi qüdrətinin artırılması, sosial rifahın yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və müstəqil siyasətin davam etdirilməsi VIII Qurultayda diqqət yetirilən əsas istiqamətlərlə uzlaşır. Bu vəzifələrin uğurla həyata keçirilməsində YAP üzvlərinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və zərərli informasiya təsirlərinə qarşı maarifləndirmə işinin gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, partiya üzvləri dövlətçilik prinsiplərinin təbliğində, milli birlik və həmrəyliyin möhkəmləndirilməsində fəal mövqe nümayiş etdirməlidirlər.
Tədbirlərin sonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, ictimai-siyasi fəallığın artırılması, dövlət siyasətinin təbliği və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, YAP Tərtər rayon təşkilatı və onun ərazi partiya təşkilatları qarşıya qoyulan vəzifələrin icrasında, dövlətçilik ideyalarının təbliğində və ölkəmizin davamlı inkişafına dəstək göstərilməsində fəaliyyətlərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəklər.