BANM-də beynəlxalq seminar öz işinə başlayıb

Dünən Bakı Ali Neft Məktəbində (BANM) “Yataqların işlənməsinin və dənizdə və quruda karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Seminar “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov seminarı açaraq tədbirin Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi olan “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunduğunu qeyd edib. Rektorun sözlərinə görə, hazırda Prezident İlham Əliyev neft strategiyasını uğurla həyata keçirir.
O bildirib ki, seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital ltd.” Şirkəti ilə birlikdə keçirilir. Məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, o cümlədən, quruda və dənizdə karbohidrogenlərin hasilatı sahəsində əldə etdiyi təcrübənin xarici ölkələrin mütəxəssisləri arasında yayılmasıdır.
Seminarın məşğələlərini BANM-in Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə və Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Hernan De Kaso aparacaq. Dinləyiciləri isə Azərbaycanın, Rusiyanın və Ukraynanın neft-qaz sektorunun mütəxəssisləridirlər. Oktyabrın 8-9-da seminarın iştirakçıları üçün neft-qaz yataqlarının ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftveriminin artırılması üsulları, neft-qaz hasilatı texnologiyaları və s. məsələlər üzrə məruzələr təqdim olunacaq.
Oktyabrın 10-11-də isə tədbirin iştirakçıları üçün “Neft Daşları”na texniki səfər təşkil olunacaq və seminar 2 gün ərzində orada öz işini davam etdirəcək.
N.BAYRAMLI