Ankaradan gələn telefon zəngi...
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə qalxacağına əminliklərini bildiriblər
Bu günlərdə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə prezidentlərinin növbəti təması baş tutub. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Açıq deyək ki, bu zəngin xüsusi bir mənası var. İki qardaş ölkə arasında münasibətlərdə müəyyən narahatlıqlar yarandığı indiki məqamda Türkiyədən Azərbaycana gələn telefon zəngi təsəlli zəngi kimi səciyyələndirilir. Münasibətlərimizin korlandığını və bir daha düzəlməyəcəyini düşünənlər və bunu arzulayanlar məyus qalıblar, belələrinin gözləntiləri suya düşərək əriyib.
Azərbaycan - Türkiyə münasibətlərinin xarakteri elədir ki, dünyada bu münasibətlərə xələl vura biləcək hər hansı bir güc yoxdur. Ancaq həyatın dialektikası elədir ki, bəzən eyni bir ailənin içində, doğmalar, qardaşlar arasında da narahatlıq doğuran anlar yaşanır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri məhz belə bir dönəmdən keçir. İki dövlət arasında münasibətlərin dərinləşməsindən, türk birliyinin regional miqyasdan çıxaraq qlobal xarakter almasını sinirə bilməyən xaricdəki və daxildəki müəyyən qüvvələr həm Azərbaycanda, həm də Türkiyədə fəallaşaraq dövlətlərimiz və xalqlarımız arasında nifaq salmağa çalışırlar. Sosial şəbəkələrdə edilən silsilə paylaşımların ikrah doğuran məzmunu ümumi düşmənlərimizin planlarının nə qədər çirkin mahiyyət daşıdığını bütün çılpaqlığı ilə ortaya qoyur.
Ancaq düşmənlərimiz sevinməsin, qoy! Yel qayadan nə apara bilər ki! Azərbaycan və Türkiyə ətlə dırnaq kimidir, bir qandır, bir candır, bir ürəkdir. Ətlə dırnaq arasına tikan batanda necə əzab çəkiriksə, iki ölkə arasında kiçik bir narazılıq yarananda da əzab-əziyyətimiz elə böyük olur. Tarixə baxanda görürük ki, Azərbaycan və Türkiyə arasında bütün narahatlıq doğuran dövrlər keçici olub. Budəfəki narahatçılığın da tezliklə səngiyəcəyinə böyük əminliyimiz var.
Bu əminlik iki mühüm amildən qaynaqlanır. Birinci amil heç şübhəsiz ki, tarix və xalqlarımızın istəyi ilə bağlıdır. Biz bir ağacın budaqlarıyıq. Kökümüz, gövdəmiz eynidir, sonradan pərvazlanaraq qol-budaq atmışıq. Eynən ailənin böyüdüyü kimi. Ailə böyüdükcə yeni evlər tikilir, yeni yurdlar salınır. Rişəni, mənəvi qidanı isə kökdən alırıq. Bu gün də Azərbaycan və Türkiyə xalqları xain qüvvələrin qarşısında keçilməz, əyilməz bir sipərə bənzəyirlər. Biz hər zaman bir-birimizin kədərinə acımışıq, xoş gününə sevinmişik. Təkcə son 35 ildə nə qədər belə sınaqlarımız olub. Hər dəfə də bu sınaqlardan bir yerdə, bir-birimizə arxa-dayaq olmaqla çıxmışıq. Bir neçə il bundan əvvəl qardaş ölkədə baş verən dəhşətli zəlzələnin miqyası çox böyük idi - yüz minlərlə insan həyatını itirmiş və yaxud evsiz-eşiksiz qalmışdı. Türkiyəni istəməyən mərkəzlər hətta bu dəhşətli faciə üzərində belə siyasi avantüralara əl atmaq cəhdlərində bulundular. Azərbaycan isə Türkiyənin üzləşdiyi faciəni özününkü kimi qəbul etdi. Həmin çətin günlərdə Azərbaycan faciə yerinə ilk gələn və oranı ən son tərk edən dövlət oldu. Həmçinin cəmiyyətimiz də səfərbər olunmuşdu. Respublikamızda insanlar qardaş xalqa mənəvi dəstəyini ifadə edir və hansısa bir kömək göstərməyə çalışırdılar. Həmin günlərdə köhnə avtomobili ilə yardım məntəqəsinə yorğan-döşək aparan azərbaycanlı ailənin fotosu yaddaşlardan heç vaxt silinməyəcək. Bu, bizim qardaşlığımızın rəmzidir.
Türkiyə xalqı və dövləti də Azərbaycanın çətin günlərində eyni qəbildən olan davranışlar sərgiləyib. Keçmiş Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycana güclü siyasi dəstək verməsi bunun əyani təzahürüdür. Vətən müharibəsində Türkiyə Azərbaycanın haqq savaşı apardığını və bu savaşda yanımızda olduğunu dünyaya bəyan etməklə bizim inam hissimizi daha da artırdı. Tək olmadığımızı anladıq və tarixdə əbədi qalacaq mütləq Qələbə qazandıq.
Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunun digər bir mühüm mənbəyi Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan münasibətlərdir. Bir-birinə “qardaşım” deyə xitab edən Azərbaycanın və Türkiyənin hazırkı liderləri sarsılmaz dostluğumuza aid dərin məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev Azərbaycan dövlətinin banisi, qurucusu Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə ölkəmiz barəsində söhbət düşəndə bir qayda olaraq “Can Azərbaycan” ifadəsini işlədir. Dövlət başçılarının şəxsi münasibətləri, bir-birinə dərin hörmət bəsləmələri suyu bulandıranlara, aramıza nifaq toxumu səpmək istəyənlərə ən tutarlı cavabdır. Yeri gəlmişkən, yuxarıda bəhs etdiyimiz telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə bir daha təbriklərini çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Göründüyü kimi, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə ən yüksək səviyyədə əminlik ifadə olunub. Bu isə o anlama gəlir ki, Azərbaycan və Türkiyə dünən, bu gün olduğu kimi, sabah da bir yerdə olacaqlar.
Mübariz ABDULLAYEV