Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da, Eldəniz Əzizli beşqat dünya çempionu olub.

Eldəniz Əzizli yarımfinalda 2025-ci ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

34 yaşlı idmançımız daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub. Astanada qazandığı beşinci qızıl medalla Eldəniz Əzizli dünya çempionatlarında ən çox qızıl medal əldə edən Azərbaycan güləşçisi kimi rekordunu yeniləyib.

Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.