Rusiya və Ukrayna növbəti dəfə masa arxasında
Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üçün növbəti görüşlər raunduna start verilib. Belə ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında 10-11 noyabr tarixlərində Əbu-Dabidə görüşlər keçirilib. Qeyd edək ki, görüş təxminən 9 aylıq aradan sonra baş tutub. Bundan əvvəlki görüş 17-18 fevral 2026-cı ildə Cenevrədə baş tutmuşdu. ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkoff yeni görüşün tarixlərini 2 noyabrda açıqlayaraq, tərəflərin müharibədən sonrakı təhlükəsizlik müqavilələrini, deeskalasiya tədbirlərini, humanitar tədbirləri və sülhə doğru atılacaq əlavə addımları müzakirə edəcəklərini söyləmişdi
Nümayəndə heyətlərinə kimlər daxil olub?
Qeyd edək ki, hələ oktyabr ayında Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda Vitkoffa görüşünün ardından Kreml Moskvanın üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlamışdı. 6 noyabrda danışıqlar qrupu üzvlərinin də dəvət olunduğu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Putin danışıqların 10 noyabrda başlayacağını təsdiqləmişdi.
Nümayəndə heyətlərinə gəldikdə isə, Əbu-Dabi görüşlərinə Rusiya Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini İqor Kostyukov və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Yuri Jiqarlovskinin də təmsil olunduğu nümayəndə heyəti ilə qatılıb.
Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirilo Budanov, birinci müavini Sergey Kıslıtsya və diplomatik məsələlərə nəzarət edəcək Ali Radada Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski daxil olub. ABŞ-ı danışıqlarda Stiv Vitkoff və Cared Kuşner təmsil edib.
Danışıqlardan öncə...
Danışıqlardan öncə diplomatik əlaqələrin bərpasına baxmayaraq, tərəflər arasında fundamental fikir ayrılıqları qalmaqda olduğu bildirilirdi. Moskvanın açıq şəkildə irəli sürdüyü şərtlər arasında Ukrayna qoşunlarının Donetsk və Luqanskdan, eləcə də Zaporojye və Xerson vilayətlərindən çıxarılması yer alır. 2025-ci ilin iyun ayında Kiyevə təqdim edilən Rusiya memorandumunda Ukraynanın neytral statusu və hərbi ittifaqlarda iştirakdan imtina etməsi, Ukrayna ordusunun sayına və silahlanmasına məhdudiyyətlər qoyulması, rus dilinə rəsmi status verilməsi və Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılması da qeyd olunurdu.
Kiyevin bu danışıqlar üçün məqsədləri 6 noyabrda Ukraynanın Prezident Aparatının müşaviri Sergey Leşçenko tərəfindən açıqlanmışdı. Onun sözlərinə görə, Ukrayna cəbhə xətti boyunca ərazi güzəştləri olmadan hərbi əməliyyatların dayandırılmasında israr edir. Kiyev həmçinin sektor atəşkəslərinə - məsələn, enerji sektorunda - nal olmağı, eləcə də Qara dənizdəki limanların açılmasını və ya Ukrayna və Rusiya liderləri arasında görüşün müzakirəsini təklif edirdi.
Danışıqlardan əvvəl Tramp administrasiyası tezliklə əldə olunacaq bir razılaşma ehtimalını irəliyə sürürdü. 5 noyabrda ABŞ prezidentinin Ağ Evdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə qapalı görüş keçirdiyi açıqlanmışdı. ABŞ prezidenti söhbətin məzmunu haqda danışmasa da, tezliklə əldə olunacaq razılaşmaya əmin olduğunu bildirmişdi.
Noyabrın 9-da isə Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçiriləcək danışıqlarla bağlı mövqeyini Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə razılaşdırdığını açıqlamışdı. O, sosial mediada yazmışdı: “Üçtərəfli formatın nəticə verməsi üçün hər şeyi edirik”.
Danışıqların birinci günündə...
Noyabrın 10-da baş tutan görüş fasilə də daxil olmaqla 4,5 saat davam edib. Xarici medianın məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio danışıqları “çox məhsuldar” adlandırsa da, növbəti 24 saat ərzində münaqişənin həlli ehtimalını istisna edib. O, Vaşinqtonun məqsədinin “üçtərəfli formatı bir nöqtədə genişləndirmək”, yəni avropalıları danışıqlar prosesinə daxil etmək olduğunu bildirib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, ABŞ bu gün baş tutan konstruktiv müzakirələrdən ruhlanır və Ukraynadakı münaqişəyə son qoymaq və bütün Avropada davamlı sülh üçün təhlükəsizlik mexanizmləri yaratmaq üçün çalışmağa davam edir.
Ukrayna prezidenti Volodimir Zelenski görüşlə bağlı şərhində “Ruslarla çətindir” deyərək bildirib: “Onlar, yumşaq desək, bizim ən yaxşı dostlarımız deyillər”.
Zelenski həmçinin bildirib ki, danışıqların bu mərhələsi əsasən humanitar məsələlərə yönəlib və hərbi əsirlərin qaytarılması Ukraynanın prioritetidir. “Üçtərəfli format konstruktiv və kifayət qədər məlumatverici idi. Humanitar addımların zəruriliyini və mümkün parametrlərini müzakirə edə bildik. Əsirlərin azad edilməsi prioritetdir. Ukraynanın təhlükəsizlik zəmanətlərinin məzmununu və onların uzunmüddətli fəaliyyətinin əsasını ətraflı müzakirə etdik. Müharibənin təkrarlanmasının qarşısını almaq üçün real vasitələrə ehtiyacımız var. Deeskalasiya addımlarına ehtiyac da müzakirə edildi”, - deyə o, daha sonra “Telegram”-da yazıb.
Danışıqların ikinci günündə...
Danışıqların ikinci günü tərəflər arasında dialoq qapalı qapılar arxasında keçirilib. “Politico” ABŞ rəsmiləri arasındakı mənbələrə istinadən xəbər verib ki, 11 noyabrda tərəflər sərhədlər və demarkasiya xətləri daxil olmaqla ərazi məsələlərini, eləcə də bir sıra digər mövzuları müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin danışıqların gedişatı ilə bağlı yeni xəbərlərlə tanış olub. Peskov bildirb ki, Putin bu mövzunu artıq Belarus lideri Aleksandr Lukaşenko ilə müzakirə edib. Mətbuat katibinin sözlərinə görə, Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar zamanı avropalılarla əlaqə saxlamayıb.
Xarici medianın xəbərinə görə, Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrindən biri olacaq. Qeyd olunub ki, Rusiya nümayəndə heyəti danışıqların yekununa dair bəyanatla çıxış edəcək. Tərəflər münaqişənin başa çatmasından sonra Avropada təhlükəsizlik sisteminin qurulmasını, o cümlədən regionda təhdidlərin qarşısının alınması və sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
P.İSMAYILOV