Hazırda dünya olduqca çətin bir dönəmdən keçir. Bəşəriyyətin üzləşdiyi ən ciddi təhdidlərdən biri də qlobal istiləşmə ilə bağlıdır. Güclü sənaye inkişafının nəticəsi olaraq qlobal istiləşmənin sürətlənməsi fonunda iqlim məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Təsadüfi deyildir ki, BMT-nin Baş katibi Antonio Quterreş Antalyada keçirilən COP31-in Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qlobal istiləşmənin sürətlənməsinin ehtimal olunan fəsadları ilə bağlı növbəti dəfə həyəcan təbili çalıb və beynəlxalq birliyə çağırşlarını dilə gətirib.
İqlim dəyişmələri qlobal səciyyə daşıyır. Onun fəsadlarından bütün ölkələr bu və ya digər dərəcədə təsirlənirlər. Buna görə də iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyə ciddi ehtiyac var. BMT-nin Baş katibi bu reallığa diqqət çəkməklə bəşəriyyətin ortaq məsuliyyət, müştərək təhlükəsizlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan iqlim ədaləti ilə bağlı yeni bir razılaşmaya ehtiyacı olduğunu bildirib. “Ümumi, lakin fərqli məsuliyyətlər” prinsipinə riayət edilməli, hər bir ölkə öz töhfəsini verməlidir”, - deyə Antonio Quterreş vurğulayıb.
BMT-nin yeni hesabatı - mütəxəssislər həyəcan təbili çalırlar
Baş katib son dörd ili tarixdə ən isti dövr kimi səciyyələndirib. Bu da gözlənilən iqlim fəsadlarının nə qədər ağır ola biləcəyindən xəbər verir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanan və bir qədər bundan əvvəl yayılan son hesabatında mütəxəssislər həyəcan təbili çalırlar. Hesabatda vurğulanır ki, qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən çox artması kriosferdə - buzlaqlarda, qütb buz örtüklərində, çoxillik buzlaq ərazilərdə və dəniz buzlaqlarında geridönməz dəyişikliklərə səbəb ola bilər. Yeni qiymətləndirmələrə əsasən, iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq səylər gözlənilən nəticəni vermir. Ölkələrin istixana qazlarının azaldılması ilə bağlı mövcud öhdəlikləri tam yerinə yetirilsə belə, Yer kürəsinin temperaturunun artmasının qarşısını almaq mümkün olmayacaq.
Hesabatda ölkələrin iqlimlə bağlı vədlərini yerinə yetirməsi ssenarisində belə, qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə əsrin sonunadək 2,6-2,8 dərəcə Selsi yüksələ biləcəyi qeyd olunur. Bu proqnoz Paris İqlim Sazişində müəyyənləşdirilmiş temperatur artımını 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq və mümkün olduqda 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədləri ilə uzlaşmır. Vurğulanır ki, planetin temperaturu əvvəlki hesablamalarla müqayisədə daha yüksək səviyyəyə çata bilər. Yeni qiymətləndirmə ötənilki proqnozdan 0,1 dərəcə Selsi yüksəkdir.
Mütəxəssislərin qənaətinə görə, Paris Sazişində müəyyən edilmiş temperatur həddinin hətta müvəqqəti aşılması belə Yer kürəsinin iqlim sistemində uzunmüddətli fəsadlara yol aça bilər. Qrenlandiya və Antarktida buz örtüklərinin vəziyyəti xüsusi narahatlıq doğurur. Hazırda bu ərazilərdə buz itkisi 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə gedir. Hesabata əsasən, qlobal temperaturun 2,8 dərəcə artması nəticəsində Alp dağlarında, İslandiyada və Skandinaviyada mövcud buzlaq kütləsinin 10 faizindən də az hissəsi qala bilər. İstiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması fonunda isə bu göstərici 20-35 faiz təşkil edəcək.
Bu kimi təhlükəli rallıqlar fonunda aydın şəkildə dərk olunur ki, iqlim dəyişmələri ilə mübarizə gələcəyin yox, məhz bu günün ən aktual məsələlərindən biridir. Bəşəriyyətin gələcəkdə su və ərzaq ehtiyatlarına çıxış imkanları, təbii fəlakətlər qarşısında ölkələrin hansı səviyyədə dayanıqlıq göstərəcəyi, ümumiyyətlə insanların hansı mühitdə yaşayacaqları indi qəbul olunacaq qərarlardan və görüləcək tədbirlərdən asılıdır.
İqlim ədaləti haqqında yeni müqavilə imzalanmalıdır
Qardaş Türkiyənin ev sahibliyi ilə keçirilən COP31-də Antonio Quterreş beynəlxalq birliyə etdiyi çağırışında iqlim ədaləti haqqında yeni müqavilənin imzalanmasına zərurət yarandığını diqqətə çatdırıb. Onun çağırışında
-metan emissiyalarının kəskin azaldılması,
-bərpa olunan enerjinin, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin sürətli inkişafı,
-meşələrin, okeanların və biomüxtəlifliyin qorunub saxlanması,
-hər bir insanın erkən xəbərdarlıq sistemi ilə əhatə olunması və icmaların daşqın, quraqlıq və digər belə təbii fəlakətlərdən qorunması kimi aktual məsələlər önə çəkilib.
Baş katib qazıntı yanacaqlarından imtina etməyin vacibliyini vurğulayıb. O bildirib ki, qlobal emissiyalar hər il təxminən 6 faiz azaldılmalıdır. “Mövcud Milli Fəaliyyət Planları bu hədəfin yalnız üçdəbirinə çatır. Tam şəkildə həyata keçirilsə belə, əsrin sonuna qədər planet 2,5 dərəcədən çox istiləşəcək və bu da təhlükəli, geridönməz nəticələrə səbəb olacaq”, -deyə BMT-nin Baş katibi xəbərdarlıq edərək bildirib.
BMT-nin rəhbəri planetin kəskin istiləşməsi fonunda vaxtın azaldığını qeyd edib: “Biz daha sürətli hərəkət etməliyik. İqlim ədaləti qarşıdakı onilliyin əsas çağırışıdır. Biz ölkələrdən iqtisadiyyatlarını dəyişdirmələrini tələb edə bilmərik, bu, onların imkanlardan məhrum olunmasına gətirib çıxarar”, - deyə Antonio Quterreş bildirib.
Baş katib qeyd edib ki, inkişaf etməkdə olan ölkələr (Çin istisna olmaqla) dünya əhalisinin təxminən üçdə ikisinə malikdir, lakin onlar təmiz enerjiyə qlobal investisiyaların beşdəbirindən də azını yatırır. O, xəbərdarlıq edib: “Əgər bu ölkələr əlverişli təmiz enerjiyə çıxış əldə edə bilmirlərsə, yaranan çatışmazlıq qazıntı yanacaqları hesabına təmin ediləcək və bu da onilliklər ərzində yüksək həcmdə tullantılara səbəb olacaq”.
Antonio Quterreş vurğulayıb ki, inkişaf etmiş ölkələr tullantıları daha sürətlə azaltmalı, habelə vəd edilmiş maliyyələşdirmə və texnologiyanı təqdim etməlidir. İnkişaf etməkdə olan iqtisadiyyatlar isə qazıntı yanacaqlarından bərpaolunan enerjiyə keçidi sürətləndirməli və genişmiqyaslı uyğunlaşma dəstəyi almalıdır. “2035-ci ilə qədər qlobal miqyasda bərpaolunan enerji tutumu 2025-ci il səviyyəsi ilə müqayisədə ən azı üç dəfə artmalı və tullantılar çıxılmaqla, kömür enerjisinin payı 75 faiz azaldılmalıdır”, - deyə Antonio Quterreş əlavə edib.
O, bəşəriyyətin qarşısında bir seçimin olduğunu vurğulayıb: “Ya təmiz enerjiyə hamar keçid planlaşdırılmalı, ya da xaosun və itirilmiş dolanışıq vasitələrinin maliyyəti ödənilməlidir. Temperatur artdıqca, uyğunlaşma həyatda qalmaq məsələsinə çevrilir”, - deyə BMT-nin rəhbəri bildirib.
COP29-da əldə olunan razılaşmalar yerinə yetirilməlidir
Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 BMT tarixində ən nəticəyönümlü tədbirlərdən biri hesab olunur. Bakıda xüsusilə də maliyyələşmə, kiçik ada dövlətlərinə dəstək göstərilməsi, itki və zərər fondunun yaradılması ilə bağlı mühüm razılaşmalar əldə olunub. Bakıda qəbul olunan Hidrogen Bəyannaməsi, müəyyənləşdirilən şəbəkə gündəliyi böyük aktuallığa malikdir. Beynəlxalq səviyyədə də etiraf olunduğu kimi, COP29-da əldə olunmuş razılaşmalar iqlim dəyişmələri ilə mübarizədə gələcək addımların əsasını qoyub.
COP29-un zəngin mirası unudulmur. BMT-nin Baş katibi Antonio Quterreş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb. “İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər ildə ən azı 300 milyard dollar məbləğində maliyyələşdirmənin təmin edilməsində aparıcı rol oynamalı, həmin müddətə qədər adaptasiyanın maliyyələşdirilməsini ən azı üç dəfə artırmaq üçün aydın aralıq hədəfləri olan konkret planlar təqdim etməlidirlər”, - deyə Baş katib bildirib.
Onun sözlərinə görə, maliyyələşmə yetərli həcmdə olmalı və operativ şəkildə təmin edilməlidir. Eyni zamanda, 1,3 trilyon dollar məbləğində vəsaitin səfərbər edilməsi hədəfi inkişaf etməkdə olan ölkələrə daxil olan real maliyyə axınlarına çevrilməlidir. Bu xüsusda fikirlərinə davam edən A.Quterreş deyib: “Bunun üçün hər bir maliyyə mənbəyi öz töhfəsini verməlidir. Çoxtərəfli inkişaf bankları 2030-cu ilə qədər ildə 120 milyard dolların ayrılması ilə bağlı Bakıda (COP29-da) götürdükləri öhdəlik çərçivəsindən kənara çıxmalıdırlar”.
O, həmçinin bu bankların səhmdarlarını inkişaf etməkdə olan həssas ölkələrin ehtiyaclarını nəzərə alaraq kreditləşməni artırmaq, özəl investisiyalar cəlb etmək, daha böyük risklər götürmək və innovativ maliyyə alətlərini tətbiq etmək imkanlarını genişləndirməyə çağırıb.
Bundan başqa, BMT-nin Baş katibi Yaşıl İqlim Fondunun və İtki və Zərərlərə Cavab Fondunun vəsaitlərinin əhəmiyyətli dərəcədə artırılmasının zəruriliyini vurğulayıb.
Mübariz ABDULLAYEV