Süni intellektin məsuliyyətsiz şəkildə inkişaf etdirilməsinin insan nəzarətini təhlükə altına ala biləcəyi ilə bağlı müzakirələrə “Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei münasibət bildirib. O, səmərəlilik və ya təhlükəsizlik naminə insanların legitimlik və öz müqəddəratını təyin etmək hüququndan imtina etməməli olduğunu vurğulayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, D.Amodei süni intellektin inkişafı prosesində insan iradəsinin və qərarvermə hüququnun qorunmasının vacibliyini qeyd edib.
“Biz səmərəlilik və ya təhlükəsizlik naminə legitimlikdən, yaxud öz müqəddəratımızı təyin etmək hüququndan heç vaxt güzəştə getməməliyik. Bu, absurd olardı”, – deyə o bildirib.
D.Amodei bəzi süni intellekt şirkətlərinin rəhbərlərinin bu texnologiyanın yalnız bir vasitə kimi istifadə edilə biləcəyi barədə açıqlamalarının səmimiliyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, bəzi şirkətlərin real siyasəti ilə ictimaiyyətə verdikləri açıqlamalar üst-üstə düşmür.
Qeyd edək ki, “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman da insanların öz gələcəkləri ilə bağlı qərarvermə hüququnu qoruyub saxlamalarının vacibliyini vurğulamışdı.
D.Amodei, həmçinin süni intellektin əmək bazarına mənfi təsirlərini məhdudlaşdırmaq məqsədilə bəzi modellərin imkanlarının məhdudlaşdırıla biləcəyini bildirib. O, süni intellekt sistemlərinin insan müdaxiləsi olmadan daha güclü sistemlər yaratmaq imkanlarına da məhdudiyyətlər qoyulmasının zəruriliyini qeyd edib.