Azərbaycanın yaratdığı reallıqlar tarixi
İpək Yolunun dirçəlişini vəd verir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə
yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə,
eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi
İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir
Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması və qlobal iqtisadi əlaqələrin yenidən şəkillənməsi dövlətlərin qarşısında yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaradır. Belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət, qazandığı tarixi zəfər və regionda yaratdığı yeni siyasi reallıqlar Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Azərbaycan yalnız öz milli maraqlarını təmin edən dövlət kimi deyil, daha geniş coğrafiyada təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantılarının yeni modelini formalaşdıran mühüm aktor kimi çıxış edir. Xüsusilə, Ermənistanla sülh gündəliyinin irəli aparılması, regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar və Türkiyə ilə müttəfiqliyin strateji məzmununun dərinləşdirilməsi yeni geoiqtisadi mənzərənin konturlarını müəyyənləşdirir. Bu proseslərin ən mühüm nəticələrindən biri isə əsrlər boyu Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun müasir dövrün tələblərinə uyğun şəkildə yenidən canlandırılması perspektividir. Söhbət sadəcə tarixi ticarət marşrutunun bərpasından getmir - bu, bütövlükdə Avrasiyanın iqtisadi xəritəsinin dəyişməsi, xalqlar və dövlətlər arasında yeni əməkdaşlıq imkanlarının yaranması, regionun təhlükəsizlik arxitekturasının iqtisadi qarşılıqlı asılılıq üzərində möhkəmləndirilməsi deməkdir. Azərbaycanın təşəbbüsləri ilə formalaşan bu yeni mənzərə Avropadan Türkiyəyə, Türkiyədən Naxçıvana, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər geniş coğrafiyanı əhatə edir. Bu strateji transformasiyanın əsas müəllifi və təşəbbüskarı isə məhz Azərbaycandır.
Azərbaycan-Türkiyə əməkdaşlığının regional miqyası genişlənir
Tarixi İpək Yolunun müasir dövrdə bərpasından danışarkən, ayrı-ayrı coğrafi məkanların strateji əhəmiyyətini düzgün qiymətləndirmək vacibdir. Çünki böyük nəqliyyat və ticarət marşrutlarının səmərəliliyi yalnız magistral yolların mövcudluğu ilə deyil, onların üzərində yerləşən şəhərlərin, bölgələrin iqtisadi potensialı və regional əlaqələrə inteqrasiya imkanları ilə müəyyən olunur. Bu baxımdan, Türkiyə ilə Azərbaycan Avrasiyanın yeni siyasi-iqtisadi atlasında xüsusi diqqət çəkir. Türkiyənin İğdır bölgəsinin Azərbaycanla, daha dəqiq desək, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olması bu ərazini Azərbaycan və Türkiyə arasında iqtisadi, nəqliyyat və humanitar münasibətlərin inkişafında mühüm əlaqələndirici məkana çevirir.
İğdırın əhəmiyyəti həm də ondan ibarətdir ki, regionda baş verən geosiyasi dəyişikliklər bu bölgənin iqtisadi imkanlarının daha geniş miqyasda dəyərləndirilməsinə şərait yaradır. Xüsusilə, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi İğdırın tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Bu, gələcəkdə ticarət dövriyyəsinin genişlənməsi, kənd təsərrüfatı məhsullarının daşınması, sənaye və xidmət sektorunda yeni investisiya imkanlarının yaranması baxımından mühüm perspektivlər açır. Eyni zamanda, sərhədyanı ərazilərdə iqtisadi fəallığın yüksəlməsi yerli əhalinin sosial rifahına, məşğulluğun artmasına və yeni biznes əlaqələrinin formalaşmasına müsbət təsir göstərə bilər.
Burada diqqətçəkən digər məqam tarixi və mənəvi yaxınlığın iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmasıdır. Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq münasibətləri siyasi qərarların ictimai səviyyədə dəstəklənməsini asanlaşdırır. İğdır və Naxçıvan arasında formalaşan bu təbii yaxınlıq daha böyük regional əməkdaşlıq modelinin sosial əsasını təşkil edir. Azərbaycanın irəli sürdüyü yeni bağlantı strategiyası yalnız dövlətlərarası münasibətlərin inkişafına deyil, sərhəd bölgələrinin də ümumi tərəqqi prosesinə cəlb edilməsinə xidmət edir. İğdırın artan strateji əhəmiyyəti də məhz bu yeni regional yanaşmanın tərkib hissəsidir. Prezident İlham Əliyevin noyabrın 24-də Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirilib ki, tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir: “İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir”.
Şuşa Bəyannaməsi regional inteqrasiyanın siyasi və strateji dayağıdır
Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü məzmununu müəyyən edən əsas xüsusiyyət bu əlaqələrin konkret geosiyasi və geoiqtisadi hədəflərə xidmət etməsidir. İki ölkə arasında mövcud olan siyasi iradə, qarşılıqlı etimad və strateji maraqların uzlaşması regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. Şuşa Bəyannaməsi isə bu münasibətlərin institusional və hüquqi əsaslarını daha da möhkəmləndirərək müttəfiqliyin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib. Bununla da Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq ayrı-ayrı sahələr üzrə tərəfdaşlıqdan daha geniş strateji fəaliyyət modelinə çevrilib.
Bu müttəfiqliyin əhəmiyyəti xüsusilə regionda yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminin qurulması prosesində özünü göstərir. Azərbaycan və Türkiyə nəqliyyat, enerji, müdafiə, sənaye və ticarət sahələrində həyata keçirdikləri layihələrlə bir-birini tamamlayan iqtisadi məkan formalaşdırırlar. Azərbaycan və Türkiyə regional əməkdaşlığın təşəbbüskarı olmaqla yanaşı, qlobal iqtisadi əlaqələrin mühüm iştirakçılarına çevriliblər. Artıq Bakı ilə Ankara mövcud nailiyyətləri yeni geosiyasi şəraitə uyğun olaraq daha da genişləndirməyi hədəfləyir. Çünki beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi və alternativ bağlantı imkanlarının artırılması qlobal iqtisadiyyatın prioritetlərindəndir. Azərbaycan və Türkiyənin coğrafi mövqeyi, siyasi sabitliyi və infrastruktur imkanları bu istiqamətdə ciddi üstünlüklər yaradır. Şuşa Bəyannaməsinin yaratdığı strateji çərçivə isə həmin üstünlüklərin vahid məqsədlər naminə səfərbər olunmasına imkan verir. Nəticə etibarilə, iki ölkənin müttəfiqliyi regional inteqrasiyanın siyasi təminatına çevrilməklə yanaşı, Avrasiyanın gələcək nəqliyyat və iqtisadi konfiqurasiyasında onların mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyev müraciətində qeyd edib ki, ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qalxdı: “Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi”.
Zəngəzur dəhlizi (TRIPP) tarixi İpək Yolunun yeni geoiqtisadi mərhələsini formalaşdırır
Danılmaz faktdır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə Cənubi Qafqazda uzun illər mövcud olmuş geosiyasi status-kvonu dəyişdirməklə yanaşı, regionun gələcək inkişafı üçün tamamilə yeni imkanlar yaradıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə formalaşan yeni reallıqlar artıq təkcə siyasi və hərbi müstəvidə deyil, iqtisadi, nəqliyyat və kommunikasiya sahələrində də özünü göstərir. Bu baxımdan Zəngəzur dəhlizinin (TRIPP) yaradılması Azərbaycanın regional strategiyasının ən mühüm komponentlərindən biridir. Çünki bu layihə ölkəmizin Naxçıvanla nəqliyyat əlaqələrinin təmin edilməsi məsələsini həll etməklə yanaşı, daha geniş coğrafiyada yeni iqtisadi münasibətlər sisteminin qurulmasına xidmət edir.
Məsələnin mühüm tərəfi ondan ibarətdir ki, Zəngəzur dəhlizi (TRIPP) Xəzər dənizinin qərb sahillərini Türkiyə və Avropa istiqamətində birləşdirən daha böyük nəqliyyat zəncirinin mühüm həlqəsinə çevriləcək. Nəticədə, Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi məhsulların dünya bazarlarına çıxışı üçün əlavə imkanlar yaranacaq, Şərqlə Qərb arasında yükdaşımaların alternativ marşrutları genişlənəcək. Bu isə Orta Dəhlizin, başqa sözlə qədim ipək Yolunun rəqabət qabiliyyətinin artırılması, tranzit müddətlərinin optimallaşdırılması və regionun beynəlxalq logistika sistemindəki mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Digər mühüm məsələ regional kommunikasiyaların açılmasının iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik baxımından yaratdığı imkanlardır. Dövlətlər arasında qarşılıqlı iqtisadi maraqların genişlənməsi, ticarət əlaqələrinin dərinləşməsi və infrastruktur layihələrinin ortaq fayda prinsipi əsasında inkişafı uzunmüddətli sabitlik üçün əlavə təminatlar formalaşdırır. Azərbaycan məhz bu yanaşma ilə çıxış edərək regionda qarşıdurma məntiqini əməkdaşlıq məntiqi ilə əvəz etməyə çalışır. Sülhün iqtisadi dividendlərinin bütün tərəflər üçün əlçatan olması isə yeni regional düzənin dayanıqlılığını artıran əsas amillərdən biridir. Dövlət başçısı müraciətində vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir: “Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir”.
Beynəlxalq Qafqaz Konqresi yeni regional əməkdaşlıq gündəliyinin müzakirə platformasıdır
Cənubi Qafqazda baş verən fundamental dəyişikliklər və Azərbaycanın irəli sürdüyü yeni əməkdaşlıq təşəbbüsləri regionun gələcəyinə dair müzakirələrin də mahiyyətini dəyişdirir. Əgər əvvəlki dövrlərdə beynəlxalq platformalarda Cənubi Qafqaz əsasən münaqişələr, təhlükəsizlik problemləri və geosiyasi rəqabət kontekstində nəzərdən keçirilirdisə, hazırda diqqət iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları, regional inkişaf və ortaq perspektivlər üzərində fokuslanır. Bu mənada Beynəlxalq Qafqaz Konqresinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bir platforma regionun aktual məsələlərinin yalnız ayrı-ayrı dövlətlərin mövqeləri çərçivəsində deyil, bütövlükdə geniş Avrasiya məkanının maraqları baxımından qiymətləndirilməsi üçün imkan yaradır. Konqresin əhəmiyyəti ilk növbədə müxtəlif ölkələrin siyasi, iqtisadi, elmi və ictimai dairələrinin nümayəndələrini vahid müzakirə müstəvisində bir araya gətirmək potensialı ilə bağlıdır. Çünki regional inkişafın təmin olunması yalnız hökumətlərarası razılaşmalarla məhdudlaşmır. Bu prosesdə biznes dairələrinin, investorların, ekspertlərin və akademik mühitin də iştirakı vacibdir. Nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyi, logistika infrastrukturunun genişləndirilməsi, sərhədyanı ticarətin inkişafı və yeni investisiya layihələrinin reallaşdırılması kimi məsələlər geniş müzakirə və koordinasiya tələb edir. Konqres bu istiqamətdə fikir mübadiləsi aparılması, mövcud problemlərin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından faydalı platformaya çevrilə bilər.
Digər tərəfdən, tarixi İpək Yolunun bərpası həm də əsrlər boyu müxtəlif sivilizasiyaları, mədəniyyətləri və xalqları birləşdirmiş tarixi əlaqələrin müasir şəraitdə yeni məzmun qazanması deməkdir. Bu baxımdan region ölkələri arasında humanitar təmasların, elmi və mədəni əməkdaşlığın genişləndirilməsi də ümumi prosesin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev müraciətində Beynəlxalq Qafqaz Konqresinin regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacağına, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Pərviz SADAYOĞLU