Çin və Sinqapur yuanla maliyyələşdirmə imkanlarını genişləndirir

Çin və Sinqapur yuanla maliyyələşdirmə imkanlarını genişləndirir

Çin yuanın beynəlxalq ticarət və maliyyə əməliyyatlarında istifadəsini artırmaq istiqamətində səylərini davam etdirir. Bu çərçivədə rəsmi Pekin və Sinqapur biznes subyektləri üçün yuanla maliyyələşdirmə imkanlarını genişləndirmək barədə razılığa gəlib.

AZƏRTAC “Euronews”a istinadən xəbər verir ki, yeni mexanizmlər şirkətlərə, o cümlədən üçüncü ölkələrlə ticarət əməliyyatlarını maliyyələşdirmək üçün yuan əldə etməyə imkan verəcək.

Razılaşmalar Sinqapurda keçirilən İkitərəfli Əməkdaşlıq üzrə Birgə Şuranın iclasında elan olunub. İclasa Sinqapurun Baş nazirinin müavini Qan Kim Yonq və Çinin Baş nazirinin müavini Din Syuesyan həmsədrlik ediblər.

Sazişlər maliyyə, ticarət, texnologiya və səhiyyə sahələrini əhatə edən 29 razılaşma və əməkdaşlıq təşəbbüsünün tərkib hissəsidir. Paketə yeni sazişlər, mövcud razılaşmaların yenilənməsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflər daxildir.

Sinqapurun Mərkəzi Bankı – Valyuta İdarəsi (MAS) və Çin Xalq Bankı iki ölkənin mərkəzi bankları arasında valyuta mübadiləsi sazişi əsasında fəaliyyət göstərən mövcud yuan maliyyələşdirmə mexanizmini yenidən quracaq.

Bundan əlavə, iki ölkənin mərkəzi bankları kiçik məbləğli pul köçürmələrinin həyata keçirilməsi üçün sürətli ödəniş sistemlərinin əlaqələndirilməsi imkanlarını araşdırırlar.