Səudiyyə Ərəbistanının müdafiə naziri əmir Xalid bin Salman NATO-nun Baş katibi Mark Rütte ilə hərbi və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
AZƏRTAC SPA xəbər agentliyinə istinadla bildirir ki, telefon danışığı zamanı tərəflər regionda mövcud vəziyyətlə bağlı birgə koordinasiyanı, regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdən keçiriblər. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri, həmçinin Kanadanın müdafiə naziri Devid Makginti, Almaniyanın müdafiə naziri Boris Pistorius və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə telefon danışıqları aparıb.
Danışıqlarda husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları fonunda regiondakı son vəziyyət müzakirə olunub.
Tərəflər Səudiyyə Ərəbistanı ilə adıçəkilən ölkələr arasında regional proseslərlə bağlı səylərin əlaqələndirilməsini, regionun təhlükəsizliyi və sabitliyinin təmin edilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi yollarını nəzərdən keçiriblər. Həmçinin ikitərəfli hərbi və müdafiə əməkdaşlığının mövcud vəziyyəti və onun inkişaf perspektivləri müzakirə olunub.