YAP Füzuli rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunur

Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə silsilə müşavirələr davam etdirilir.

Bu çərçivədə növbəti müşavirə YAP Füzuli rayon təşkilatının “Füzuli şəhər” Ərazi Partiya Təşkilatında keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyətindən və Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən strateji hədəflərdən bəhs edib. Bildirib ki, müasir dövrün çağırışlarına uyğun olaraq dövlətin davamlı inkişafının təmin edilməsi, milli maraqların qorunması, iqtisadi potensialın gücləndirilməsi və sosial rifahın yüksəldilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Nazimə Şamıyeva Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə, dövlət suverenliyinin tam bərpasına və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət çəkib. O, xüsusilə Füzuli şəhərinin yenidən qurulmasının, müasir infrastrukturun yaradılmasının və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının əhəmiyyətini vurğulayıb. Həmçinin partiyanın yerli strukturlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi fəallığının artırılmasının və əhali arasında ideoloji-maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Müşavirədə çıxış edən “Füzuli şəhər” Ərazi Partiya Təşkilatının sədri Cəmşid Əmirov VIII Qurultayda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində Ərazi Partiya Təşkilatlarının üzərinə düşən məsuliyyətdən danışıb. O, partiya üzvləri arasında təşkilati əlaqələrin möhkəmləndirilməsinin, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının və qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının əhəmiyyətini diqqətə çatdırıb. Cəmşid Əmirov, həmçinin Füzuli şəhərində ictimai həyatın canlanması, gənclərin fəallığının artırılması, milli-mənəvi dəyərlərin təbliği və Ərazi Partiya Təşkilatının fəaliyyətinin daha səmərəli qurulması istiqamətində görüləcək işlərin vacibliyini vurğulayıb.

Tədbirdə söz alan digər iştirakçılar Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritet istiqamətlər, ölkənin sosial-iqtisadi inkişafı, insan kapitalının gücləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyətin təşkili barədə fikirlərini bölüşüblər. Çıxışlarda partiya üzvlərinin təşəbbüskarlığının artırılması, gənclərin ictimai-siyasi fəallığının dəstəklənməsi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məsələlərinə xüsusi diqqət yetirilib.

Müşavirənin sonunda VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi, Ərazi Partiya Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi və qarşıdakı dövrdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.