Xəyallardan uğura uzanan yol...

Xəyallardan uğura uzanan yol...

 

Tələbəlik illəri: Gəncliyin ən böyük sərmayəsi

Böyük dəyişikliklər bir zamanlar auditoriyanın arxa sıralarında oturub dünyanı dəyişmək arzusunda olan gənclərin xəyalından başlayır. Bu gün tələbə adını daşıyan milyonlarla gənc yalnız diplom almaq, imtahanlardan keçmək və peşə sahibi olmaq üçün deyil, həm də özünü tanımaq, cəmiyyətə fayda vermək, yeni ideyalar yaratmaq üçün həyatının ən mühüm mərhələlərindən birini yaşayırlar.  Hər il noyabrın 17-də qeyd olunan Beynəlxalq Tələbə Günü dünyanın müxtəlif ölkələrində təhsil alan milyonlarla gənci bir araya gətirən, tələbə həyatının əhəmiyyətini bir daha gündəmə gətirən əlamətdar tarixdir. Bu günün arxasında isə yalnız bayram əhval-ruhiyyəsi deyil, tarixin yaddaşına həkk olunmuş mübarizə, həmrəylik və azadlıq arzusu dayanır.

Beynəlxalq Tələbə Gününün yaranma tarixi 1939-cu ilin Çexoslovakiyasına gedib çıxır. Həmin il noyabrın 17-də nasist işğalına qarşı etiraz edən tələbələrə qarşı sərt repressiyalar həyata keçirildi. Praqada tələbə nümayişlərinin dağıdılması, tələbələrin həbs edilməsi, doqquz tələbə və universitet əməkdaşının edam olunması, ali təhsil müəssisələrinin bağlanması bu hadisələrin ən ağır nəticələri idi.

1941-ci ildə Londonda keçirilən Beynəlxalq Tələbələr Şurasının toplantısında 17 noyabrın Beynəlxalq Tələbə Günü kimi qeyd olunması qərara alındı. Beləliklə, bu tarix tələbələrin azadlıq, hüquq və ləyaqət uğrunda mübarizəsinin rəmzinə çevrildi.

Tələbə olmağın görünməyən tərəfi

Tələbəlik hər zaman xoş xatirələrdən, dostluqlardan və uğurlardan ibarət deyil. Bu dövr eyni zamanda ciddi sınaqlar, tərəddüdlər və seçimlərlə müşayiət olunur. İmtahan stressi, maddi çətinliklər, yaşayış və təhsil xərcləri, gələcək iş yeri ilə bağlı narahatlıqlar, nəzəri biliklərlə praktiki tələblər arasındakı fərq bir çox gəncin üzləşdiyi problemlər sırasındadır.

Bəzən tələbələr təhsillə yanaşı işləmək, ailələrinə dəstək olmaq və şəxsi inkişaflarına vaxt ayırmaq arasında tarazlıq yaratmağa çalışırlar. Digər tərəfdən, əmək bazarının dəyişən tələbləri gənclərdən universitet illərində əlavə bilik və təcrübə qazanmağı tələb edir.

Bu məqamda universitetlərin, müəllimlərin, ailələrin və bütövlükdə cəmiyyətin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Tələbənin yalnız akademik nəticələrinə deyil, psixoloji rifahına, sosial vəziyyətinə, yaradıcılıq imkanlarına və fərdi inkişafına da diqqət yetirilməsi vacibdir. Unutmaq olmaz ki, hər bir uğurlu mütəxəssisin arxasında vaxtilə dəstəyə, istiqamətə və inama ehtiyac duyan bir tələbə dayanır.

Tələbəlik illərini fərqləndirən nədir?

Bu gün bir çox tələbə üçün uğur anlayışı yalnız yüksək qiymətlər və diplomla məhdudlaşmır. Kimisi elmi tədqiqat apararaq yeni kəşflərə imza atmaq, kimisi öz startapını yaratmaq, kimisi xarici universitetdə təhsilini davam etdirmək, digəri isə cəmiyyət üçün faydalı layihələr həyata keçirmək istəyir.

Müasir tələbəlikdə əsas məsələ imkanları gözləmək deyil, onları axtarmaq və yaratmaqdır. Təcrübə proqramlarında iştirak etmək, xarici dil öyrənmək, peşəkar əlaqələr qurmaq, elmi məqalələr yazmaq, müsabiqələrə qatılmaq və könüllü fəaliyyət göstərmək gələcək karyera üçün mühüm təməl yaradır. Ancaq bütün bunlarla yanaşı, tələbələrin özlərinə zaman ayırması, maraqlarını kəşf etməsi, kitab oxuması, mədəni tədbirlərdə iştirakı və yeni təcrübələr qazanması da vacibdir. Axı universitet illəri yalnız gələcəkdə işləmək üçün hazırlıq mərhələsi deyil, həm də insanın şəxsiyyət kimi formalaşdığı qiymətli bir həyat dövrüdür.

Yeganə BAYRAMOVA