Azərbaycanın hərbi-diplomatik Qələbəsinin təntənəsi

20 noyabr - Ağdam Şəhəri Günüdür

44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində qazanılan zəfərlər Azərbaycan xalqının nə qədər qürurlu, mərd və vətənpərvər olduğunu bütün dünyaya nümayiş etdirdi. Biz dövlət və xalq olaraq tarixi ədaləti və beynəlxalq hüququ təmin edən zəfərlərimizi daim yaşadacağıq. Təsadüfi deyildir ki,  həmin tarixi hadisələrdən sonra  müstəqil Azərbaycanın həyatına yeni əlamətdar günlər daxil olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bu sırada yer alır.

Bu gün ölkəmizin hər yerində Ağdam Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın qədim yaşayış məntəqəsi olan Ağdam məhz 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub - üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq döyüşsüz Azərbaycana təhvil verilib. Bu, Azərbaycanın Vətən müharibəsində qazandığı hərbi-diplomatik qələbəsinin təntənəsi idi.

İşğala qədərki dövr - Ağdamın ağ günləri

Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb.  Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi.

İşğaldan əvvəlki dövrdə  Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı. Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi var idi. Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz- furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Dünyada ikinci, keçmiş İttifaq məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri sayılan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi-eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyuldu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam deyəndə həm də buradakı məşhur çay evi yada düşürdü. Burada akademik Xudu Məmmədovun ideyası əsasında inşa olunan və 1986-cı ildən fəaliyyət göstərən Ağdam çay evinin  şöhrəti respublikanın dörd bir tərəfinə yayılmışdı.

İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

Erməni vandalizminin kədərli mirası - Ağdam Qafqazın Xirosimasına çevrilib

Ağdamlılar şəhəri və ətraf kəndləri  qorumaq üçün bir neçə il gecə-gündüz müqavimət göstəriblər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə, 23 iyul 1993-cü il tarixində Ağdam süqut edib. İşğal nəticəsində rayon ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçib. Bundan sonra Ağdamın qara günləri başlayıb. Ermənilər tarix boyunca özləri barəsində əsası olmayan miflər uydurublar. Həmin miflərdən biri də guya onların mədəni xalq olmaları ilə bağlıdır. Lakin ikinci Qarabağ müharibəsində işğaldan azad olunan ərazilərin vəziyyəti ermənilərin necə “mədəni xalq” olduqlarını göstərdi. Otuz illik işğal dövründə 11 min kvadratkilometrdən artıq ərazidə bütün şəhər və kəndlər, tarixi abidələr yerlə-yeksan edilib. Sanki bu yerlərdən mədəniyyət görməyən vəhşi qəbilə sürüləri gəlib keçiblər və yolları üstündə hər şeyi barbarcasına  dağıdıblar.

Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında da görmək mümkündür. Zamanında aran və dağlıq  Qarabağın incisi  sayılan Ağdam müharibədən sonra  xarabalıqları xatırladırdı. Şəhərdən əsər əlamət yox idi, burada bir bina da salamat qalmamışdı. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlamışdı.

 Hesablamalara görə,  işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Ağdam yenidən qurulur

İkinci Qarabağ müharibəsindən sonra ermənilər elə güman edirdilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud buna uzun illər tələb olunacaq. Ermənilərn bu gözləntiləri də suya düşüb əridi. Müharibə başa çatandan sonra hər zaman qərarlarını düzgün zamanlama ilə verən Prezident İlham Əliyev dövlətimiz və xalqımız üçün yeni ümummilli ideya müəyyənləşdirdi və milli gücü həmin ideyanın reallaşdırılması məqsədi ilə səfərbər etdi. Yeni strateji mərhələnin yeni ümummilli ideyası azad ərazilərin dirçəldilməsi və məskunlaşdırılması idi.

Beləliklə, işğaldan azad edilmiş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra, vaxt itirilmədən başlanıldı ki, bu da Azərbaycan dövlətinin gücünün və məsuliyyətinin təzahürü idi. İndi işğaldan azad edilmiş digər şəhər və kəndlərimiz kimi,  Ağdamın da ağ günləri geri qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin meydanına çevrilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə bir neçə dəfə Ağdama səfər edərək burada reallaşdırlan layihələrlə tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik ?ünündə isə Ağdam tarixi anlara şahidlik edib. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin dövlət bayramımız olan Müstəqillik günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Prezident İlham  Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Mərkəzi hissə şəhərin  ən sıx yerini təşkil edəcək. Şəhərin ətrafı intensiv bağlarla əhatə olunacaq.

Ümumiyyətlə, postmüharibə dövründə Ağdamda icrasına başlanan layihələrin sayı kifayət qədər çoxdur. Artıq işğaldan azad olunmuş bir sıra ərazilər kimi, Ağdam rayonuna da ilk köç karvanları yola salınıb. Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun məlumatına əsasən,  2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır.

Mübariz ABDULLAYEV