Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Kot d-İvuar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Tano-Buçuenin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Bernar Tano-Buçue etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Səfir Bernar Tano-Buçue Kot d-İvuar Respublikasının Prezidenti Alasane Ouattaranın salamlarını dövlətimizin başçısına çatdırıb. Diplomat Bernar Tano-Buçue öz ölkəsinin rəhbərliyinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Ölkələrimizin əməkdaşlıq imkanlarının böyük potensiala malik olduğunu vurğulayan kot d-ivuarlı diplomat əlaqələrimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kot d-İvuar Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının öyrənilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı Prezident Alasane Ouattaranın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Kot d-İvuar dövlətinin başçısına çatdırmağı xahiş edib.